Məhkəmə qərarları › İş №3(5-98)-118/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-118/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-118/2026 19.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ3265282 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32635282 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32635282 saylı qərar qəbul edilərək barəsində AR İXM-nin 339.1-1-ci maddəsi ilə 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bildirir ki, xx.xx.2025-ci il tarixli, EQ 32635282 saylı qərarın onunla heç bir hüquqi bağlılığı yoxdur. Belə ki, həmin qərarda Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın "Hyundai Sonata" minik markalı, 90BL304 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə törədildiyi qeyd edilmişdir. Lakin həmin avtomobilin ona heç bir aidiyyəti yoxdur və xx.xx.2025-ci il il tarixdə həmin avtomobil vasitəsi ilə adıçəkilən inzibati xəta hadisəsi törədilərkən maşını o idarə etməmişdir. Belə ki, "Hyundai Sonata" minik markalı, 90BL304 dövlət qeydiyyat nişanlı avtomobil 14 dekabr 2025-ci il tarixində X1 istifadəsində olmuşdur. Bununlada müəyyən edilir ki, həmin inzibati xəta hadisəsində X3 təqsiri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il il tarixli, EQ 32635282 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərardan şikayət verən şəxs və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il il tarixli, EQ 32635282 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 339.1-1.-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. 332.3 maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXMnin 339.1-1-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X4 avtomobilin onun tərəfindən idarə olunmadığını, avtomobilin ona ümumiyyətlə aidiyyətinin olmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il il tarixli, EQ 32635282 saylı qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, X4 barəsində olan xx.xx.2025-ci il il tarixli, EQ 32635282 saylı qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il il tarixli, EQ 32635282 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il il tarixli, EQ 32635282 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar