Məhkəmə qərarları › İş №3(5-98)-1275/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-1275/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-1275/2026 20.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov İlyas İnqilab oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Nəsimi Rayon Polis İdarəsinin 20-ci PŞ-nin tərtib etmiş şəxs: sahə inspektoru X2 Müdafiəçi: “Ədalət” Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1993-cü il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), məhkumluğu olmayan, subay, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində polisin qanuni tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin sahə inspektoru X5 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs Nəsimi rayon Polis İdarəsinin əməliyyat tapşırığı ilə əlaqədar xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, onların nəqliyyat vasitəsi ilə keçməsi üçün mühafizəçi işlədiyi “City Point” adlı obyektin girişindəki şlaqbaumun qapısını açmamış və ictimai qaydanı pozmuşdur. Belə ki, polis əməkdaşlarına “City Point” adlı obyektdə yerləşən restoranda xırda talama- telefon oğurlanması ilə bağlı “102” xətti vasitəsilə məlumat daxil olmuş və əməliyyat qrupu ora yola düşmüşdür. Bu səbəbdən polis əməkdaşları Şəxs saxlayaraq Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə gətirmişlər və tərəfindən bununla bağlı müvafiq sənədləşdirmə işləri aparılaraq protokol tərtib edilmişdir. O, özü həmin əməliyyat qrupunda olmamışdır, sadəcə inzibati xəta haqqında protokolu tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2026-cı il tarixdə, saat 14:40 radələrində “City Point” binası qarşısında mühafizə xidməti apararkən polis əməkdaşları xidməti avtomobil ilə şlaqbauma yaxınlaşaraq binanın həyətinə hadisə ilə bağlı keçməli olduqlarını bildirdilər. O isə ərazidə restoran binası və ofis binasının olduğunu, polis əməkdaşlarının hansı istiqamətdə getdiklərini dəqiqləşdirmək istədiyini, onları əraziyə buraxmaq üçün mühafizə rəisi ilə əlaqə saxladığını, hansı istiqamətdə getdiklərini dəqiqləşdirə bilmədiyi üçün mühafizə rəisinin icazə vermədiyini və bu səbəbdən şlaqbaumu açmadığını bildirdi. Həmçinin, polis əməkdaşları onu polis şöbəsinə aparmaq üçün nəqliyyat vasitəsinə minməyini bildirdikdə tabe olduğunu, əlindəki şlaqbaumun pultunu onlara verdiyini, polisə qarşı müqavimət göstərmədiyini, ictimai qaydanı pozmadığını və polis əməkdaşlarının onun verdiyi şlaqbaumun pultu vasitəsilə şlaqbaumu açaraq əraziyə daxil olduqlarını bildirdi. O, izahatında, həmçinin 2-ci qrup əlil olduğunu, saqlamlıq imkanlarının hər hansı mübahisəyə imkan vermədiyini və polis əməkdaşlarına daim hörmətlə davrandığını da bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X3 izahatında göstərmişdir ki, “City Point” adlı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətdir və qanunvericiliyə əsasən polis əməkdaşlarının xüsusi mülkiyyətdə olan ərazidə əməliyyat tədbirləri həyata keçirməsi üçün müvafiq icazə sənədi olmalı idi. Belə ki, cinayət prosessual qanunvericilikdə xüsusi mülkiyyətdə olan ərazilərə təxirəsalınmaz qaydada daxil olmaq üçün əsaslar sadalanmışdır. Lakin belə əsaslar mövcud olmamışdır. Həmçinin, telefon oğurluğu ilə bağlı polis əməkdaşları şikayətçi vətəndaşı polis şöbəsinə dəvət edə və orada müvafiq hərəkətləri icra edə bilərdilər. Digər tərəfdən, onlar hadisənin görüntüləri əks olunmuş CD disk təqdim etmişdirlər və həmin diskdən də görünür ki, Şəxs tabesizlik göstərməmiş və ictimai qaydanı pozmamışdır. Şəxs öz rəhbərliyinin göstərişi ilə şlaqbaumu açmamışdır və müəssisənin əməkdaşı kimi rəhbərliyin dediyini etdiyinə görə məsuliyyətə cəlb edilə bilməz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə 14:30 radələrində əməliyyat qrupunun tərkibində olarkən Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən “The Place” restoranında baş vermiş oğurluq hadisəsi ilə bağlı NH-nin xidməti avtomobillə restoranın qarşısında quraşdırılmış şlaqbaumun mühafizəçi tərəfindən açılmasını istədikdə mühafizəçi şlaqbaumu açmaqdan imtina etmişdir. Dəfələrlə mühafizəçidən şlaqbaumu açmasını tələb etdikdə o polisin əməkdaşlarının qanuni tələbinə əməl etməyərək tabesizlik göstərmiş, xidmət rəisinin içəri heç kimi buraxmamağı tələbi qoyduğunu bildirmişdir. Həmin zaman mühafizəçi mobil telefonla danışaraq uzaqlaşmağa cəhd göstərən zaman polis əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PŞ-yə dəvət edilmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1993-cü il təvəllüdlü Şəxsdur. - İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saatda 15:00-da tutulmuşdur. - Şəxs xx.xx.2026-cı il tarixli Nəsimi RPİ-nin 20-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Vüqar Məcidova ünvanlanmış izahatından görünür ki, xx.xx.2026-cı il tarixdə saat 14:40 radələrində City Point binasının qarşısında mühafizə xidməti aparan zaman polis əməkdaşları xidməti avtomobil ilə şlaqbauma yaxınlaşaraq binanın həyətinə hadisə ilə bağlı keçməli olduqlarını bildirdilər. O isə mühafizə rəisinin icazə vermədiyini bildirmişdir. Polis əməkdaşları ona təkrar şlaqbaumu açmağı tələb etdilər, o, isə açmaqdan imtina etmişdir. İzahatı özü yazmış, əlavəsi yoxdur, düzgünlüyünü imzası ilə təsdiq edir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli CP031/24 nömrəli işə qəbul barədə əmrindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Təhlükəsizlik üzrə müətəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. - Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlilliyə görə əmək pensiyası alır. - İş materiallarına inzibati xəta haqqında protokol tərtib olunmasına əsas olmuş hadisə il bağlı videogörüntülərin əks olunduğu CD disk əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs polis əməkdaşının hansı qanuni tələblərinə tabe olmaması və ictimai qaydanı hansı qaydada pozması məhkəmə iclası zamanı müəyyən edilməmiş, bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli Qanununun 1.20-1.21-ci maddələrində nəzərdə tutulur ki, 510-cu maddə üzrə maddənin mətni 510.1-ci maddə hesab edilsin və həmin maddənin dispozisiyasına “pozan,” sözündən sonra “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,” sözləri əlavə edilsin. Lakin inzibati xəta haqqında protokol tərtib edilərkən qanunun əvvəlki redaksiyasına uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda yaranır. Həmçinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər edildikdə yaranır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs polis əməkdaşlarının əməliyyat tapşırığı ilə əlaqədar “City Point” adlı ərazidə yerləşən restorana daxil olmaq istədiklərini bildirsə də, həmin əməliyyat tapşırığı, onun həyata keçirilmə zərurəti, gözlənilən nəticələr, həmçinin əməliyyat tapşırığı həyata keçirildikdən sonra əldə edilən nəticələr ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. İş materiallarında olan CD diskə baxış zamanı Şəxs polis əməkdaşlarına münasibətdə məqsədli və qərəzli şəkildə ictimai qaydanı pozan hərəkətlər etməsi müşahidə edilməmişdir. Buna görə də onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmamaq və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmə kimi qiymətləndirilə bilməz. CD diskdən görünür ki, Şəxs polis əməkdaşları ilə mübahisə etməmiş, saxlanıldıqda heç bir müqavimət göstərməmiş, ictimai qaydanı pozmamış, şlaqbaumun pultunu onlara təhvil verdiyi üçün şlaqbaumun qapısı açılmış və polis əməkdaşları əraziyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən məqsədli və qərəzli formada İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsinin tələblərini pozan nümayişkar hərəkətlər müşahidə edilməmiş və bunu təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrinin tərkibi olmadığından sonuncu barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməli və məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim İlyas Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar