Məhkəmə qərarları › İş №3(5-98)-162/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-162/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-162/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə əsasında nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, 25 dekabr 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi 5 a və ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Kəpəz Hospital” klinikasında plandankənar yoxlama zamanı sertifikatsız tibb mütəxəssislərinin (X15 və X12) praktik tibb fəaliyyət ilə məşğul olması faktı aşkar edilmişdir. Aşkar olunmuş pozuntu ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli etibarnamə əsasında nümayəndəsi X8 öz izahatında qeyd etmişdir ki, təmsil etdiyi hüquqi şəxs tərəfindən qeyd edilən inzibati xəta törədilməmişdir. Belə ki, X13 vəkili X14, habelə X6 və X11 müraciəti əsasında 25 dekabr 2025-ci il tarixdə “Kəpəz Hospital” klinikasında plandankənar yoxlama keçirilmişdir. Yoxlama zamanı guya X15 və X1 sertifikasiyadan keçmədən tibb fəaliyyəti ilə məşğul olmaları aşkar edilmişdir. X5 “Kəpəz Hospital” klinikasında ümumi cərrah vəzifəsində işləyir və bu vəzifədə işləməsi üçün müvafiq sertifikasiyadan keçmişdir. Həmçinin X2 həkim mama ginekoloq vəzifəsində işləyir və onun tərəfindən 18 dekabr 2025-ci il tarixdə X9 ön-arxa kolporafiya və labioplastika əməliyyatı icra edilmişdir ki, bu da onun göstərə biləcəyi tibb fəalliyəti sferasına uyğundur. Həmçinin adıçəkilən yoxlamanı həyata keçirən və müvafiq aktı tərtib edən şəxslərdən biri elə şikayətçi X18 olmuşdur. Bu da həmin şəxsin qərəzli olmasını təsbit edir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid kimi izahatı alınmış X15 qeyd etmişdir ki, o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda ümumi cərrahiyyə ixtisası üzrə rezidentura təhsili almışdır. Eyni zamanda 25 dekabr 2025-ci il tarixdə ümumi cərrahiyyə ixtisası fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiyadan keçmişdir. “Kəpəz Hospital” klinikasında ümumi cərrah vəzifəsində işləyir. Profilindən kənar heç bir əməliyyat icra etməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 22 dekabr 2025-ci tarixli, 3-28-1/3-2-1545/2025 nömrəli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi 5 a və ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Kəpəz Hospital” klinikasında xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 25 avqust 2025-ci tarixli, T-475 saylı “X21 Plandankənar (Növbədənkənar) Yoxlama” Aktından görünür ki, X10 və X1 sertifikasiyadan keçmədən tibbi fəaliyyət ilə məşğul olması faktı aşkar edilmişdir. İş materiallarında olan əməliyyat jurnalının surətindən görünür ki, X12 xx.xx.2025-ci il tarixdə Günay Mirzəyevaya lipo+vagina X15 xx.xx.2025-ci il tarixdə Həbibə Qədimovaya abdomino+popo+lipo əməliyyatlarını həyata keçirmişdilər. İş materiallarında olan 14 oktyabr 2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X15 Şəxs MMC-də həkim ümumi cərrah vəzifəsində işləyir. İş materiallarında olan AR № 001978 saylı diplomun surətindən görünür ki, X15 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda ümumi cərrahiyyə ixtisası üzrə rezidentura təhsili almışdır. İş materiallarında olan AH № 064775 saylı sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X15 25 dekabr 2025-ci il tarixdə ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan 24 oktyabr 2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X12 Şəxs MMC-də həkim mama-ginekoloq vəzifəsində işləyir. İş materiallarında olan “Kəpəz Hospital” klinikasının baş həkimi tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanladığı 03 fevral 2026-cı il tarixli müraciətdən görünür ki, X12 tərəfindən xəstəyə yalnız vaginaplastika əməliyyatı icra edilmişdir. Ön və arxa kolporafiya və labioplastika əməliyyatların aparılması həkim mama-ginekoloqların icrasına icazə verilən sahələrə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25 dekabr 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi 5 a və ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Kəpəz Hospital” klinikasında plandankənar yoxlama zamanı sertifikatsız tibb mütəxəssislərinin konkret olaraq X10 və X7 praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Aşkar olunmuş pozuntu ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X15 ümumi cərrahiyyə ixtisası üzrə rezidentura təhsili almış və klinikada həkim ümumi cərrah vəzifəsində işləyir. Eyni zamanda 25 dekabr 2025-ci il tarixdə ümumi cərrahiyyə ixtisası fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiyadan keçmişdir. Onun tərəfindən yalnız ümumi cərrahlar tərəfindən icra edilməsinə icazə verilən plastik cərahiyyə əməliyyatları siyahısına daxil olan cərrahi müdaxilələr həyata keçirilmişdir. X12 isə klinikada həkim mama-ginekoloq vəzifəsində işləyir və onun tərəfindən isə xəstəyə yalnız vaginoplastika əməliyyatı icra edilmişdir ki, bu əməliyyatı həyata keçirmək mama-ginekoloqların icrasına icazə verilən sahələrə daxildir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun: 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir səhiyyə mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati məsuliyyət yaradır. Lakin məhkəmə araşdırılması zamanı Şəxs MMC tərəfindən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxsnə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar