Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-163/2026 08.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 08 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs 07 yanvar 2026-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığında ərazidə xidmət aparan yol-patrul xidməti əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, 07 yanvar 2026-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığında olarkən əlində olan siqaret kötüyünü yerə atmış və bunu görən yolpatrul xidməti əməkdaşı ona yaxınlaşaraq həmin siqaret kötüyünü götürüb zibil qabına atmasını tələb etmişdir. O, polis əməkdaşının tələbini yerinə yetirmək istəmiş, lakin siqaret kötüyünün çirkaba bulaşdığını gördükdə iyrənərək etməmiş və arxaya dönərək getmək istəmişdir. Bu zaman polis əməkdaşı onu arxadan tutub saxlamış və onu tələbi yerinə yetirməməkdə ittiham etmişdir. Daha sonra o, polis şöbəsinə gətirilmiş və barəsində protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X1 ifadəsində göstərmişdir ki, 07 yanvar 2026-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığında xidmətdə olduğu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əlindəki siqaret kötüyünü yerə ataraq ətrafı zibillədiyinin şahidi olmuşdur. Bu zaman ona yaxınlaşaraq ondan siqaret kötüyünü yerdən götürüb zibil qabına atması xahiş edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun qanuni tələbinə məhəl qoymayaraq yoluna davam etmiş və həmin yerdən uzaqlaşmaq istəmişdir. Bu səbəbdən şəxs saxlanılaraq Nəsimi RPİ 20-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşının hansı qanuni tələblərinə tabe olmaması müəyyən edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə prosesi zamanı onun tərəfindən polis əməkdaşlarının hər hansı bir qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı halın mövcud olmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarından və proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından Şəxs polis əməkdaşlarının hansı qanuni tələblərinə qəsdən tabe olmadığı müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, polis əməkdaşı tərəfindən Şəxs onun yerə atdığı siqaret kötüyünün götürülüb zibil qutusuna atılması tələb edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən tələbin polis işçisinin qanuni tələbi kimi qəbul etmək məqsəduyğun deyildir. Həmçinin qeyd edilməlidir ki, polis əməkdaşının şəxsin törətdiyi əmələ görə yəni siqaret kötüyünü yerə atdığına görə ona İXM-in müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olmasına baxmayaraq o, bunu etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(5-98)-163/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-163/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver