Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-229/2026 26.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, “Birinci Kredit” bank olmayan kredit təşkilatında kredit mütəxəssisi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən xx.xx.2025-ci il tarixdə saat 11:50 radələrində Şəxs idarə etdiyi “X5 Prado” markalı, 90OH088 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi ilə hərəkətdə olan zaman ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törədərək “Yamaha R15 V 4” markalı 99K867 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuş və nəticədə motosikletin sürücüsü Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:50 radələrində idarə etdiyi “X5 Prado” markalı, 90OH088 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsində hərəkət yolunun sağ hissəsində geriyə hərəkət edib avtomobili hərəkət yolunun sol hissəsində icazə verilən yerdə park etmək üçün sola dönmə əməliyyatı yerinə yetirən zaman həmin küçənin sol hissəsi ilə hərəkət edən “Yamaha R15 V 4” markalı 99K867 dövlət qeydiyyat nişanlı motosikleti idarə edən Zərərçəkmiş şəxs motosikletin qabaq hissəsi ilə onun avtomobilinin qabaq sol qanad hissəsinə dəymiş və zərbənin təsirindən yerə yıxılmışdır. Hadisə nəticəsində Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət almışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Atası əlildir və avtomobillə onu xəstəxanaya aparıb gətirir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə və zərər çəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 xx.xx.2025-ci il tarixli, 808 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər – sağ bazu oynağı nahiyəsinin, həmin oynaqda oynaqətrafı ödemi və hərəkət məhdudluğu ilə müşayiət olunan hematoma halında əzilməsi, sol diz oynağı və sol baldır nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/1410 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X5 Prado” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: Hərəkət üçün təhlükə yaranan anda “Yamaha R15 V4” markalı, 99-K-867 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 8,9-11,9 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır; Hərəkət üçün təhlükə yaranan anda “Yamaha R15 V4” markalı, 99-K-867 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 8,9-11,9 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında hadisənin görüntülərinin qeydə alındığı diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsinin sağdan birinci zolağında ağ rəngli “X5 Prado” markalı avtomobil geriyə hərəkət edib sol tərəfə qəfildən manevr etmis və Tolstoy küçəsinin soldan birinci zolağı ilə hərəkət edən motosiklin qarşısına doğru kecmis, motosiklin sürücüsü avtomobilin qabaq sol qanad hissəsinə dəymişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs yol nəqliyyat hadisəsi törətmiş, Bakı şəhəri Nəsimi RPİ Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, 30 dekabr 2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol isə xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi gündən üç aydan artıq müddət keçdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(5-98)-229/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-229/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver