Məhkəmə qərarları › İş №3(5-98)-250/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-250/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-250/2026 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1975-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:38-də idarə etdiyi “X1 3” minik markalı, **-ES- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən (karton parçası) istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yalnız ona istinad edilən inzibati xətanı törətmədiyini qeyd edərək, avtomobilin yalnız arxadakı nömrəsinin seriyasını karton parçası ilə bağladığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, Şəxs idarə etdiyi “X1 3” minik markalı, **-ES-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsində yerləşən dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin dispozisiyasında inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin hazırki iş üzrə inzibati xətanın törədilməsində alət olmuş predmet karton parçasıdır və bu səbəbdən məhkəmə həmin kartonun müsadirə edilməsinə heç bir lüzum görmür. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar