Məhkəmə qərarları › İş №3(5-98)-268/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-268/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-268/2026 13.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi barədə 13 yanvar 2026-cı il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(006)-2669/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 3000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra vərəqəsi icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədləri üzrə borcunu könüllü ödəməsi ilə bağlı müvafiq qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu Şəxs adıçəkilən icra sənədinin icrasından yayınır və icra sənədinin icrasını dolayısı şəkildə icra etmir. Borclu ümumi borcdan 1200 manat məbləğində tələbkarın xeyrinə ödəmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, mərhum həyat yoldaşı uzun müddət ağır yataq xəstəsi olmuşdur. Bu səbəbdən o, heç yerdə işləməmiş və həyat yoldaşına qulluq etmişdir. Həmin dövrdə heç yerdə işləmədiyi üçün icra sənədi üzrə tələbi icra etməyə maddi imkanı olmamışdır. Daha sonra həyat yoldaşı vəfat etmişdir və hazırda o, işə qəbul olunmuşdur. Mütamadi olaraq borcunu qaytaracaq və 6 ay ərzində tam şəkildə icra sənədi üzrə tələbi icra edəcəkdir. Hazırda ümumi borcdan 1200 manat tələbkarın xeyrinə ödəniş etmişdir. Qeyd edilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş Zərərçəkmiş şəxs icra sənədi üzrə borcunun birdəfəlik ödənilməsini tələb etdiyini qeyd etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(006)-2669/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 3000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2025-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən 300 manat məbləğində pul vəsaiti Nəsimi Rayon İcra Şöbəsinin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 29 dekabr 2025-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən 600 manat məbləğində pul vəsaiti Nəsimi Rayon İcra Şöbəsinin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 08 yanvar 2026-cı il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 900 manat məbləğində pul vəsaiti Nəsimi Rayon İcra Şöbəsinin hesabından tələbkar Zərərçəkmiş şəxs hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 1 saylı Hüquq Məsləhətxanasına ünvanlanmış 26 dekabr 2025-ci il tarixli müraciətdən görünür ki, borcun Şəxs aylıq gəlirinin 50 faizi həcmində tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(006)-2669/2018 saylı icra sənədi üzrə tələbi tam icra edə bilməməsini maddi imkanının aşağı olması ilə əsaslandırmış, lakin tələbkarın xeyrinə 1200 manat ödəniş etdiyini və həmçinin qalan borcun hazırda onun əmək haqqından tutulduğunu və 6 ay ərzində icra sənədi üzrə tələbi tam şəkildə icra ediləcəyini qeyd etmiş, bununla da tələbin icrasından yayınmadığını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədi üzrə tələbkara ödənişlər etmişdir, habelə hazırda borcun onun aylıq əmək haqqından tutulması ilə bağlı icra hərəkətləri həyata keçirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs icra sənədi üzrə tələbi icra etməkdən yayınmamışdır. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halında həmin maddənin tərkibi yaranır. Lakin icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar