Məhkəmə qərarları › İş №3(5-98)-366/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-366/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-366/2026 26.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32778867 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X3 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32778867 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 20 dekabr 2025-ci il tarixdə inzibati xəta ilə bağlı şikayətçinin telefonuna sms gəlmişdir. Sistemə daxil olub bunun nə ilə bağlı olmasını öyrənərkən ona məlum olmuşdur ki, 20 dekabr 2025-ci il tarixdə Qazax şəhəri, H.Əliyev prospektində, avtovağzalın qarşısında “Mitsubishi L 200” minik markalı, **-BY- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Lakin pozuntunun nədən ibarət olması məlum deyildir. Belə ki, avtovağzalın qarşısında yerdə dairə çəkilsə də, qanunvericilikdə bu cür dairənin ümumiyyətlə nəzərdə tutulmadığı, yəni qanunamüvafiq qaydada olmadığı birmənalıdır. Bundan əlavə əgər həmin dairə qanunidirsə, ona yaxınlaşdıqda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 4.3 (dairəvi hərəkət) nişanı olmalıdır.Lakin həmin yolda yalnız 2.4(yol ver) nişanı quraşdırılmışdır. Ümumiyyətlə dairə yol səthində bir qədər hündür səviyyədə və müəyyən edilmiş ölçüdə olmalıdır. Qərara əlavə edilmiş şəkildə isə çəkilmiş dairənin heç bir əhəmiyyəti yoxdur və qanunsuzdur. Buna baxmayaraq avtomobil ilə hərəkət edərkən yerdə qanunsuz çəkilmiş xəttin üzərindən keçdiyinə görə AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilməsi barədə elektron qərar qəbul edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32778867 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32778867 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir.” Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32778867 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi onun tərəfindən ona istinad edilən inzibati xətanı törətmədiyini qeyd edərək adıçəkilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-in tələblərinə uyğun aparılmış araşdırmanın nəticəsi kimi qiymətləndirə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin qərardakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Belə ki, məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəmə iclasında nümayəndə iştirak etməmiş, hər hansı bir sübut təqdim edilməmişdir. Bununla da əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli, qeyri-müəyyən qərar əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil göstərilmədən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32778867 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32778867 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə geri qaytarılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar