Məhkəmə qərarları › İş №3(5-98)-368/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-368/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-368/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Nəsimi rayon X4 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:50 radələrində «VAZ 21214» minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:50 radələrində «VAZ 21214» minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı saxlanılmışdır. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə olmasında əsaslı şübhələr yarandığından, sonuncu həkim müayinəsinə dəvət edilmişdir. Müayinə zamanı Şəxs narkotik vasitənin təsiri altında sərxoş olması müəyyən edilmiş, buna görə də, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, 10 dekabr 2025-ci il tarixdə toyda olarkən spirtli içki və narkotik vasitə marixuana qəbul etmişdir. Həmin vaxtdan 12 gün sonra, 22 dekabr 2025-ci il tarixdə «VAZ 21214» minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman heç bir qayda pozuntusuna yol vermədiyi halda, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona bildirmişdir ki, narkotik vasitənin təsiri altında avtomobil idarə edir. O, isə polis əməkdaşına etiraz etmiş, lakin polis əməkdaşları onun sözlərinə əhəmiyyət verməmiş və onu yoxlanışa dəvət etmişdir. O, etiraf etməyərək polis əməkdaşları ilə birlikdə həkim müayinəsinə getmiş, orada analiz vermişdir. Bundan sonra isə polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Orada ona qarşı əsassız ittihamlar irəli sürmüşlər. O, polis əməkdaşları ilə razılaşmamış, daha sonra isə buraxılmışdır. Onun hər hansı təqsiri olsaydı barəsində yerində dərhal protokol tərtib edilərdi. O, saxlanılan vaxt narkotik vasitənin və ya spirtli içkinin təsiri altında avtomobil idarə etməmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1/2171 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”ndan görünür ki, Şəxs narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilmişdir. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İ hissəsinin 6-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs avtomobili sərxoş halda idarə etməməsi, saxlanılan gün narkotik vasitə qəbul etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, Şəxs hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırkı halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333- 1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, o, inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34.3, 40, 43, 48-51, 114-117, 128-130, 333-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edəm: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar