Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-98)-436/2026 22.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin EQ 30725415 saylı, 16 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM X1 şikayət ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ 30725415 saylı, 16 sentyabr 2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 3(002)-2249/2025 saylı, 25 dekabr 2025-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında materialın baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə toplanmış material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edirəm. Qaradağ Rayon Məhkəməsi məlum qənaətə gələrkən şikayətçi tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin Nəsimi rayonu ərazisində baş verməsini əsas götürmüşdür. Lakin şikayət və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, şikayətçi barəsində inzibati xəta haqqında protokol və qərar elektron qaydada tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi şikayətçi onun barəsində Azərbaycan Respublikası İXM-nin 339.1- 1-ci maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbindən görünür ki, hazırki halda şikayət şikayətçinin yaşayış yeri ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. Şikayətdən müəyyən edilir ki, şikayətçinin yaşayış yeri ünvan 1 ünvanıdır. Həmçinin qeyd etmək lazımdır ki, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda inzibati xəta haqqında iş üzrə materialın bir məhkəmədən digərinə göndərilməsi halı İXM-də tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Hazırkı vəziyyətdə İnzibatı Xətalar Məcəlləsində məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduqda, həmin məsələni tənzimləyən prosessual norma olmadığı üçün məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müvafiq məsələ cinayət-prosessual qanunvericiliyinin analoji norması əsasında həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Beləliklə hesab edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin EQ 30725415 saylı, 16 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə baxılmasının ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan, həmin məsələnin həll edilməsi üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77-ci və İnzibati Xətalar Məcəlləsinin 129-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin EQ 30725415 saylı, 16 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət əsasında toplanmış material ərazi üzrə məhkəmə aidiyyətinə dair yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(5-98)-436/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(5-98)-436/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver