Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-465/2026 21.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin tərəfindən verilmiş 16(006)-162/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin 16(006)-162/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən X2 xx.xx.2024-cü il tarixdə Şəxs ilə birgə nikahından doğulmuş uşağı ilə ünsiyyət qaydası hər həftənin bazar günü saat 11:00-dan 12:00-dək Şəxs iştirakı ilə təyin edilmişdir. İcra məmuru tərəfindən müvafiq qaydada icraata başlanılmış və tərəflərə bununla bağlı məlumat verilmişdir. Borclu sonuncu dəfə xx.xx.2025-ci il tarixində uşaqla görüşü təmin etmişdir. Görüş insidentlə baş tutmuşdur. Həmin tarixdən borclu icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə qərarını icra etməkdən yayınmışdır. İcra məmurunun izahat verilməsi üçün çağırışlarına gəlməmişdir. Borclu barəsində məcburi gətirilməyə dair təqdimatla məhkəməyə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsinin 8(006)-687/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə məcburi gətirilməsi qərara alınmışdır. Borclu xx.xx.2025-ci il tarixindən bu günə kimi uşağın görüşünün baş tutmasına maneə yaratmışdır. Tələbkarın uşağı ilə ünsiyyət hüququ pozulur. Belə ki, icra sənədi icraata xx.xx.2025-ci il tarixində daxil olsa da, həmin vaxtdan görüşlər qeyri-mütəmadi keçirilib. Borcluya sms bildirişlər göndərilib, telefon zəngi ilə çağırışlar olub, xəbərdarlıq göndərilib. Hazırda məktubun çatmasını təsdiq edən sənədi təqdim edə bilməsəm də poçt göndərişlərinin izlənmə kodu ilə müəyyən olunur ki, xəbərdarlıq məktubu borcluya çatıb. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, uşaqla görüşə heç vaxt etirazı olmayıb. Lakin icazə ancaq ata ilə görüşə verilsə də, görüşdə atadan başqa şəxslər də olub. O həmin şəxslərin kimlər olduğunu bilmir. Bütün görüşlərdə kənar şəxslər də olur. Uşaq 1 yaş 5 aylıqdır. Biz uşağı ataya veririk, uşaq qışqırır. Axırıncı dəfə sentyabr ayında görüş olanda tələbkarın dayə deyə gətirdiyi adam uşağın ağzına nə isə qoymaq istəyirdi. Nəzrin xanıma videoları da göndərmişəm. Bundan sonra Nəzrin xanıma dedim ki, ancaq icra şöbəsində görüşə icazə verəcəm. Tələbkarın anası mənə deyib ki, bu uşaq bizə qalmırsa, sənə də qalmayacaq. Mən uşağımı onlara verməyə ehtiyat eləyirəm. Bu vaxta qədər görüşlər olub. Mən Nəzrin xanıma dedim ki, əgər görüşə yenə kənar şəxslər gələcəksə, mən razı deyiləm, mən həmin insanların görüşdə olmasını istəmirəm. İcazə verirsinizsə görüş icra şöbəsində olsun. Nəzrin xanım dedi ki, icra şöbəsi görüş yeri deyil, gedin harada istəyirsiniz, orada da görüşün. Ondan sonra İzmir parkında bir dəfə görüş oldu. Mən maşında uşağın yeməyini hazırlayana qədər gördüm ki, dayə dedikləri qadın ətrafa baxır, sonra uşağın ağzına nə isə qoymaq istəyir. Ondan sonra bu barədə Nəzrin xanıma məlumat verdim. Dedim ki, görüşdə başqa adamlar olmasın. İcra məmuru məni başa düşmək istəmir. Mənimlə qərəzli danışır. Mənim tam haqqım çatır ki, icra məmurundan imtina edim. Əgər mən uşağı göstərmək istəməsəydim, iş digər icra məmurunun icraatında olanda da göstərməzdim. Ondan sonra icra məmuru mənə görüşlə bağlı heç nə yazmayıb. Polis bizə icra şöbəsinə gəlməklə bağlı məlumat verəndə dedik ki, uşaq xəstədir. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, hazırkı iş üzrə tələbkarın 3600 manat aliment borcu var, bir manat da ödəmir. O bu iş üzrə Mədinə xanımın nümayəndəsi və vəkilidir. Lakin icra məmuru bu işlə bağlı ona heç bir məlumat göndərməyib, amma borclu barəsində məcburi gətirmə qərarı verilib. Mən həmişə demişəm ki, uşaqla görüş olmalıdır. Məcburi gətirmə qərarından şikayət vermişik, məhkəmə xx.xx.2026-cı il tarixli qərarla həmin şikayəti geri qaytarıb ki, müddət ötürülüb. Əsas olaraq da onu göstərib ki, borclunun elektron kabineti var və qərar onun elektron kabinetinə yerləşdirilib. Elektron kabinetin olması o demək deyil ki, o, bütün günü oturub elektron kabinetə gələn sənədlərə baxır. Biz xx.xx.2026-cı il tarixli qərardan apellyasiya şikayəti vermişik. İş materiallarında mənim orderim və etibarnaməm olmasına baxmayaraq məhkəmə də mənə hər hansı bir məlumat verməyib. Bu bir teatrdır, icra məmuru qərəzlidir. Mən icra prosesində iştirak edirəm, məni kənarlaşdıra bilməz. İcra məhkəmə prosesinin davamıdır. Mədinə xanımın icra sənədini icra etməmək fikri yoxdur. Uşaq dekabr ayının 31-dən xəstə olub. Bununla bağlı tibbi sənədlər də var. Bu gün səhər tezdən qapıya polis gəlib ki, icra şöbəsinə getmək lazımdır. Borclunun vəkili kimi mənə də məlumat verilsəydi, məcburi gətirmə qərarına da ehtiyac olmazdı. Hesab edirik ki, borcluya qarşı qərəz var. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 bildimişdir ki, 5 aya yaxındır ki, uşağını görə bilmir. Dəfələrlə deyilib ki, uşaqla görüşü təmin etsinlər. Sentyabr ayından etibarən uşağını görə bilmir. O vaxta qədər də icra məmurunun səyləri ilə çətinliklə görüşmüşdür. Göstərilənləri nəzərə alaraq borclu barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsnun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin tərəfindən verilmiş 16(006)-162/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən mübahisənin həllinədək müvəqqəti olaraq X2 xx.xx.2024-cü il tarixdə Şəxs ilə birgə nikahlarından doğulmuş uşağı ilə ünsiyyət qaydası hər həftənin bazar günü saat 11:00-dan 12:00-dək Şəxs iştirakı ilə təyin edilmişdir. İş materiallarında olan “Borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində məcburi gətirilmə elan edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmiş, borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Belə ki, borclu bildirmişdir ki, uşaqla görüşə heç vaxt etirazı olmayıb və görüşlər mütəmadi olaraq baş tutmuşdur. Sonuncu dəfə görüş zamanı insidentin yaşanmasına səbəb görüşdə atadan başqa şəxslərin də iştirak etməsi və tanımadığı həmin kənar şəxsin uşağı yedizdirməyə cəhd etməsi olmuşdur. Dekabr ayında isə uşaq xəstə olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(5-98)-465/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-465/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver