Məhkəmə qərarları › İş №3(5-98)-467/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-467/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-467/2026 05.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev, 3 MKR, ev 3, mənzil 118; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* (14000- 03541/25) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, EP ******* (14000-03541/25) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC ilə Rusiya Federasiyasında yerləşən “AGROCOMPLEX DUKHOVSHCHİNA” şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə əsasında **********9490 və **********9469 sorğu nömrəli gömrük bəyannamələri əsasında ixrac edilmiş malın müqabilində şirkətin hesabına iki bəyannamə üçün 30754,21 ABŞ dolları (milli valyutaya nisbətdə 52282,157 manat) məbləğində ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli **********9490 nömrəli bəyannamə üzrə 13000,0 ABŞ dolları məbləğində pul vəsaiti bağlanmışdır. Lakin xx.xx.2022-ci il tarixli, **********9469 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 18000,0 ABŞ dollarından 245,79 ABŞ dolları məbləğində borc qalmışdır. Beləliklə, Şəxs MMC tərəfindən **********9490 və **********9469 sorğu nömrəli gömrük bəyannamələri ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan qalıq 245,79 ABŞ dolları, yəni 417,843 Azərbaycan manatı məbləğində vəsaitin xaricdən qaytarılmamasına görə hüquqpozma faktı törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-33-3300/012/003144 nömrəli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********9490 və **********9469 sorğu nömrəli gömrük bəyannamələri ilə ixrac olunan malların müqabilində vəsaitlər firmanın müvəkkil bankda olan hesabına köçürülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Təhqiqat bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-33-3300/013/005787 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixli **********9490 nömrəli bəyannamə üzrə 13000,0 ABŞ dolları məbləğində pul vəsaiti bağlanmışdır. Lakin xx.xx.2022-ci il tarixli, **********9469 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 18000,0 ABŞ dollarından 245,79 ABŞ dolları məbləğində borc qalmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs MMC barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan valyuta dəyəri 245,79 (iki yüz qırx beş dollar, yetmiş doqquz sent) ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 73.74 (yetmiş üç dollar yetmiş dörd sent) ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar