Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-474/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1 və 539.3-cü maddələri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1 və 539.3-cü maddələri ilə tərtib edilmiş MN ******* nömrəli, 14 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Vəliyeva Gülnarə Dilqəm qızının 2016-cı il tarixdə iş vaxtı səhhətinin pozulması halının araşdırılması zamanı X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 110115/2025 nömrəli məktubunda nəzərdə tutulmuş məlumatlar (sənədlər-əməyin mühafizəsi qaydalarını dair təlimatlar təqdim edilməmişdir) tam təqdim edilməmiş, həmçinin G.Vəliyevanın cari tarixə istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması barədə məlumatların idarəyə təqdim edilməsi tələb edilmişdir. Məktubr rəsmi olaraq hüquqi şəxsin ünvanına çatmasına baxmayaraq, tələb olunan sənədlər tam şəkildə qeyd edilən müddətdə inzibati orqana təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin tərəfindən İXM-in 469-1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 inzibati protokolun məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X5 qeyd etmişdir ki, X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-110115/2025 nömrəli məktubunda nəzərdə tutulmuş mövcud məlumatlar agentliyə təqdim edilmişdir. Tələb edilən sənədlərin bir qismi mövcud olmadığı üçün təqdim edilməmişdir. Belə ki, həmin sənədlər 2016-cı ilə aid sənədlərdir və həmin sənədlər artıq məhv edilmişdir. Agentlikdə istənilən sənədin saxlanılma müddəti 5 ildir. Həmçinin hüquqi şəxs ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əlavəyə əsasən Vəliyeva Gülnarə Dilqəm qızı sığorta olunan şəxslərin siyahısında yer almışdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-110115/2025 nömrəli məktubundan görünür ki, Vəliyeva Gülnarə Dilqəm qızının 2016-cı ilin mart-may aylarında iş vaxtı səhhətinin pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Vəliyeva Gülnarə Dilqəm qızının müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid məktubda qeyd edilən sənədlərin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aşağıdakı sənədlərin təqdim edilməsi xahiş edilmişdir: Yazılı əmək müqaviləsinin surəti. 1) İş vaxtının uçot tabelindən çıxarış (2016-cı ilin mart-may ayları), varsa əmək qabiliyyətinin olmaması vərəqəsi. 2) Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışlar. 3) İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarışlar. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-29-59/2-6159/2025 nömrəli məktubundan görünür ki, Vəliyeva Gülnarə Dilqəm qızına aid mövcud olan sənədlərin surətləri X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmişdir. Həmin sənədlər aşağıdakılardan ibarətdir: 1) Bakı şəhəri Nərimanov rayonu 207 saylı məktəb üzrə 2016-cı ilin mart-may ayları üzrə maaş cədvəlləri. 2) Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə Vəliyeva Gülnarə Dilqəm qızı arasında bağlanılmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsi. 3) Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə Vəliyeva Gülnarə Dilqəm qızı arasında bağlanılmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsi. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi”nə əlavədən görünür ki, Vəliyeva Gülnarə Dilqəm qızı sığorta olunan şəxslərin siyahısında yer almışdır. Məhkəmə ilk olaraq hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya münasibət bildirərək qeyd edir ki, həmin maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Vəliyeva Gülnarə Dilqəm qızının müraciəti əsasında onun 2016-cı il tarixdə iş vaxtı səhhətinin pozulması halının araşdırılması ilə bağlı X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxsə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-110115/2025 nömrəli məktub göndərilmiş və həmin məktubda yazılı əmək müqaviləsinin surəti, 2016-cı ilin mart-may ayları iş vaxtının uçot tabelindən çıxarış, əmək qabiliyyətinin olmaması vərəqəsi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışlar və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarışların 7 gün ərzində inzibati orqana təqdim edilməsi xahiş edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsi xx.xx.2025-ci il tarixdə 3-29-59/2-6159/2025 nömrəli məktub ilə inzibati orqana cavab verərək sorğuda tələb edilən sənədlərdən Bakı şəhəri Nərimanov rayonu 207 saylı məktəb üzrə 2016-cı ilin mart-may ayları üzrə maaş cədvəllərini, Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə Vəliyeva Gülnarə Dilqəm qızı arasında bağlanılmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsini və Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə Vəliyeva Gülnarə Dilqəm qızı arasında bağlanılmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsini X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etmişdirlər. Eyni zamanda məhkəmə iclasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və müqaviləyə əlavə də təqdim edilmişdir. Digər sənədlərin isə 2016-cı ilə aid olduğundan və hazırda mövcud olmadığından təqdim edilməsinin mümkünsüz olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi daxili təlimata əsasən sənədlərin 5 il ərzində saxlanıldığını daha sonra isə məhv edildiyini qeyd etmişdir. Yuxarıda qeyd edildiyi kimi AR İXM-nin 539.3-cü maddəsinin dispozisiyasına əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi inzibati məsuliyyət yaradır. Lakin hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs tərəfindən inzibati orqanın sorğusunda təqdim edilməsi tələb edilən sənədlərin mümkün olanları orqana təqdim edilmiş, digər sənədlər isə 2016-cı ilə aid olduğundan və hazırda mövcüd olmadığından təqdim edilməsi mümkünsüz olmuşdur. Məhkəmə hesab edir ki, inzibati orqanın məktubunun həmin hissədə icra edilməmsi hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Məhkəmə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya münasibət bildirərək qeyd edir ki, həmin maddəyə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə –vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Lakin məhkəmə araşdırılması zamanı hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərdilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materialalrından da göründüyü kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi” bağlanmışdır və həmin müqaviləyə əlavədə Vəliyeva Gülnarə Dilqəm qızı sığorta olunan şəxslərin siyahısında yer almışdır. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1 və 539.3-cü maddələri ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 48-51, 53, 105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1 və 539.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(5-98)-474/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-474/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver