Məhkəmə qərarları › İş №3(5-98)-483/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-483/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-483/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayet vermiş şəxs Bağırzadə Elçin Vəkil oğlunun, Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan Bağırzadə Elçin Vəkil oğlunun şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bağırzadə Elçin Vəkil oğlu Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 07 yanvar 2026-cı il tarixdə, saat 09:12 radələrində idarə etdiyi **-OG-*** dövlət qeydiyyat nişanlı "CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD” minik markalı avtomobillə Abbasqulu Ağa ünvan 1 ünvanında hərəkət edərkən Bakı şəhər DYPİ YPX baş inspektoru Elçin Quliyev onu saxlayaraq, onun yol hərəkəti qaydasının pozduğunu qeyd etmişdir. Nəticədə, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəddəsinin 327.2-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır' yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxıl olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. O, həmin qanunda nəzərdə tutulmuş xətanı törətməmişdir. Yol patrul xidmətinin inspektoru onu etmədiyi pozuntuya görə inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, o, avtomobili idarə edərkən dairəyə daxil olan zaman “STOP” etməklə, dairəyə daxil olub, hərəkət iştirakçılarına mane olmadan, yaxınlaşan nəqliyyat vasitələrinə yol verməklə, hərəkətimə davam etmişdir. İdarə etdiyi avtomobildə şəxsi kamera quraşdırılıb və videogürüntülərə əsasən mən heç bir yol hərəkəti qaydasını pozmamışdır. Hazırda Yol patrul xidməti tərəfindən ona videogörüntünü təqdim edilməmişdir. Təhlükəsizlik şəhər kameralında isə daha aydın görüntülər mövcuddur. Qeyd etdiklərinin nəzərə alınaraq, xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Bağırzadə Elçin Vəkil oğlu şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iş materialları ilə tanış olmuşdur və verilmiş şikayəti əsassız hesab edir. Belə ki, Bağırzadə Elçin Vəkil oğlu X1 Qanunun tələblərini kobud surətdə pozaraq inzibati xəta törətmişdir. Bağırzadə Elçin Vəkil oğlu barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Qeyd etdiklərinin nəzərə alınaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Bağırzadə Elçin Vəkil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntülərə baxış keçirilən zaman "CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə, şikayət verən şəxs Bağırzadə Elçin Vəkil oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi Bağırzadə Elçin Vəkil oğlunun şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan Bağırzadə Elçin Vəkil oğlunun verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar