Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-508/2026 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Əliyeva Sevda İlqar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Osmanov Tehran Şöhrət oğlunun, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Ruhin İbrahimovun iştirakları ilə, 04.09.2004-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Quba rayonu, Talabıqışlaq Ə/D, Talabıqışlaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, mənzil 10 ünvanında yaşayan Osmanov Tehran Şöhrət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Osmanov Tehran Şöhrət oğlu 22.01.2026-cı il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, R. Cəfərov küçəsində yerləşən “Park 20” ticarət mərkəzində Ağazadə Əlihüseyn Müşfiq oğluna məxsus telefon satışı dükanından dəyəri 350 manat olan “İphone” 11 markalı mobil telefonu oğurlamaqla xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin tərəfindən 23.01.2026-cı il tarixli, MN 2299486 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Osmanov Tehran Şöhrət oğlu məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməli törətmiş, oğurladığı “İphone” 11 markalı mobil telefonu sonradan geri qaytardığın və əməlindən peşman olduğunu bildirmişdir. Protokol tərtib etmiş Bakı Şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə inspektoru Ruhin İbrahimov məhkəməyə verdiyi izahatında bildirdi ki, Osmanov Tehran Şöhrət oğlu protokolda göstərilən əməli törətmişdir. Onun barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Quliyevin 23 yanvar 2026-cı il tarixli qərarına əsasən, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Osmanov Tehran Şöhrət oğlunun həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci və 32.2-ci maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və inzibati xətanı ehtiyacdan törətməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Osmanov Tehran Şöhrət oğlunun hərəkətlərində inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi var və onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Osmanov Tehran Şöhrət oğluna ictimai işlər növündə inzibati tənbeh təyin edərkən inzibati tənbehin həddi azaldılmışdır. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156-1.1ci maddəsinə görə barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Bununla əlaqədar Osmanov Tehran Şöhrət oğlunun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I : Osmanov Tehran Şöhrət oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi var və onun barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Osmanov Tehran Şöhrət oğlunun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №3(5-98)-508/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-508/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver