Məhkəmə qərarları › İş №3(5-98)-593/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-593/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-593/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsın iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5303/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2 saylı "ASAN Kommunal" mərkəzində notariat ofisinin 8İ-672 nömrəli, xx.xx.2025-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 29 yanvar 2026-cı il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5303/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2 saylı "ASAN Kommunal" mərkəzində notariat ofisinin 8İ- 672 nömrəli, xx.xx.2025-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri borclu Şəxs tərəfindən icra olunmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5303/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2172,92 (iki min yüz yetmiş iki manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 217,08 (iki yüz on yeddi manat, səkkiz qəpik) manat cərimə, ümumilikdə 2390 (iki min üç yüz doxsan) manat borc və 43,90 (qırx üç manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. 2 saylı "ASAN Kommunal" mərkəzində notariat ofisinin 8İ-672 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən SM 121028 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1768 manat 00 qəpik (min yeddi yüz altmış səkkiz manat sıfır qəpik) tutulmalıdır. Borclu Şəxs 294 manat 00 qəpik (iki yüz doxsan dord manat sıfır qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2087 manat 00 qəpik (iki min səksən yeddi manat sıfır qəpik) pul tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Şəxs və X3 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3839 manat əsas borc, 870,17 manat faiz borcu, 117,27 manat dəbbə pulu, cəmi 4826,44 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 68,27 manat tutularaq iddiaçı «Finca Azerbaijan” X4-Bank Kredit Təşkilatına ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Daha sonra icra şöbəsi tərəfindən borcluya xəbərdarlıq məktublar göndərilmişdir. Həmçinin icra şöbəsi tərəfindən borclunun adına hər hansı daşınar və daşınmaz əmlakının olması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, lakin sonuncunun adında heç bir əmlakın olmadığı müəyyən edilmişdir. Dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq, borclu tərəfindən borc ödənişləri üzrə tələb tam icra edilməmişdir. Şəxs ödəniş etsə də, bu icra sənədinin icrası üçün yetərli olmamışdır və tələbkarlar borcun tam bağlanılmasını tələb edirlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Sadəcə olaraq maddi vəziyyəti çox acınacaqlı vəziyyətdə olduğu icra sənədini tam icra edə bilməmişdir. O, icra sənədi üzrə müəyyən ödənişlər etmişdir. Bundan sonrada ödənişlər edəcəkdir. Onun maddi imkanı borcu hissəhissə ödəməyə çatır. Onun əməlində hər hansı qərəz yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədi araşdıraraq hesab edir ki, Şəxsın yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən edilmişdir: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5303/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2172,92 (iki min yüz yetmiş iki manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 217,08 (iki yüz on yeddi manat, səkkiz qəpik) manat cərimə, ümumilikdə 2390 (iki min üç yüz doxsan) manat borc və 43,90 (qırx üç manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5303/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - 2 saylı "ASAN Kommunal" mərkəzində notariat ofisinin 8İ-672 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədindən görünür ki, SM 121028 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1768 manat 00 qəpik (min yeddi yüz altmış səkkiz manat sıfır qəpik) tutulmalıdır. Borclu Şəxs 294 manat 00 qəpik (iki yüz doxsan dord manat sıfır qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2087 manat 00 qəpik (iki min səksən yeddi manat sıfır qəpik) pul tutulmalıdır. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, 2 saylı "ASAN Kommunal" mərkəzində notariat ofisinin 8İ-672 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər Şəxs və X3 müştərək qaydada xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 3839 manat əsas borc, 870,17 manat faiz borcu, 117,27 manat dəbbə pulu, cəmi 4826,44 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 68,27 manat tutularaq iddiaçı “Finca Azerbaijan” X4-Bank Kredit Təşkilatına ödənilməlidir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədlərinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxsın hərəkətlərini icra sənədlərinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxsa cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar