Məhkəmə qərarları › İş №3(5-98)-626/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-626/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-626/2026 30.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi – Xalıqova Məstanə Mətləb qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X3 baş inspektoru polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Zərdab rayonunun Gəlmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zərdab rayonunun Gəlmə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X3 yol-patrul xidməti inspektoru, polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X3 baş inspektoru polis leytenantı X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 511.1.3-cü maddələrinin tələblər pozulmuşdur və bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə istinad edilən inzibati xətanın görüntülərinin əks olunduğu cd diskə baxış zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dispozisiyasından göründüyü kimi inzibati xətanın yaranması üçün şəxsin əməlində dörd tərkibin hər birinin olması vacibdir. 1) nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanın pozulması; 2) əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 3) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 4) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması. İnzibati xəta tərkibinin yaranması üçün eyni zamanda bu dörd tərkibdən əlavə İXM-nin 511.1.3-cü maddəsinin dispozisiyasında göstərilən hallarından hər hansı birinin mövcüd olması mütləqdir. Lakin məhkəmə iclasında cd diskə baxış keçirilən zaman Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibinin yaranmadığı müəyyən edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş cd diskdə müəyyən edilmişdir ki, həmin videogörüntülərdə Şəxs tərəfindən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan yol hərəkəti qaydalarının pozulması halı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inizbati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 372.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün müvafiq sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 372.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün müvafiq sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar