Məhkəmə qərarları › İş №3(5-98)-761/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-761/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-98)-761/2026 19.02.2026 BAKI ŞƏHƏRI NƏSIMI RAYON MƏHKƏMƏSI Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlər əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinə *-**-*/*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli icrası məcburi göstəriş verilərək X1 və digərlərinin ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək seçki məntəqəsində iştirak etdikləri dövrlərdə əmək haqqlarının ödənilməsini 15 gün ərzində tələb edilsə də, icrası məcburi göstəriş yerinə yetirilməmişdir. Məhkəmənin iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses işirakçısını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri *** nömrəli tam orta məktəbə ünvanlanmış ## #### 2024-cü il tarixli, *-**-**/*-**-**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il ## #### tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il ########ın #-nə təyin edilmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.8 və 38.1 maddəllərinin tələblərinə uyğun olaraq iş yeri üzrə aldıqları əmək haqqı ödənilməklə, məntəqə seçki komissiyasının işində fəaliyyət göstərdikləri üçün ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək (65 gün) adları göstərilən məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvlərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri *** nömrəli tam orta məktəbə ünvanlanmış ## #### 2024-cü il tarixli, *-**-**/*-**-**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il ## #### tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il ########ın #-nə təyin edilmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.8 və 38.1-ci maddələrinin tələblərinə uyğun olaraq iş yeri üzrə aldıqları əmək haqqı ödənilməklə, məntəqə seçki komissiyasının işində fəaliyyət göstərdikləri üçün ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixədək adları göstərilən məntəqə seçki konıissiyalannm həlledici səs hüquqlu üzvlərin iştirakını təmin edilməsi xahiş edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, protokol tərtib edilmiş, işin faktiki halları üzrə səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin təqsirliliyi təkzib olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan və iş üzrə subyekti düzgün müəyyən etmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokolda adları qeyd olunan şəxslər Bakı şəhəri *** nömrəli tam orta məktəbin əməkdaşları olduğu halda, törədilməsi ehtimal edilən inzibati xətanın subyekti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi qeyd olunmuş və inzibati xəta haqqında protokol həmin idarə barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar