Məhkəmə qərarları › İş №3(5-98)-82/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(5-98)-82/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-98)-82/2026 07.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında haqqında EQ 31848609 saylı, 07 noyabr 2025-ci il tarixli qərarından X5 tərəfindən verilmiş ərizəyə baxaraq, MÜƏYYƏN ETDİM X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 31848609 saylı, 07 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericilik inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququnu nəzərdə tutmuşdur. X1 hazırki iş üzrə şikayət ilə deyil “iddia ərizəsi” ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə X6 öz ərizəsində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ilə razılaşmadığını qeyd etmiş, lakin həmin qərarın surətini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Göstərilənlərə əsasən hesab edirəm ki, X2 inzibati tənbeh vermə haqqında haqqında EQ 31848609 saylı, 07 noyabr 2025-ci il tarixli qərarın ləğv edilməsinə dair ərizəsi geri qaytarılmalı və X3 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il-ci il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında EQ 31848609 saylı, 07 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsinə dair X5 tərəfindən verilmiş ərizə baxılmadan geri qaytarılsın. X4 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar