Məhkəmə qərarları › İş №3(5-98)-846/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-846/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-846/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X9 şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin 27 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 21 noyabr 2025-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyev küçəsi ilə hərəkətdə olarkən, Azadlıq prospekti ilə kəsişmə nöqtəsində idarə etdiyi “X10 Hibrid” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yüngül yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, sol zolaqla düz istiqamətdə və qaydalara uyğun hərəkətdə olmuşdur. Bu zaman “Shangan Qatyuon” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qaydaları pozaraq, sağdan sıxılma yolu ötmə etməyə çalışmış, sola manevr edərkən onun avtomobilinin qabaq sağ buferinə toxunaraq qəza törətmişdir. Qəzanın faktiki səbəbi qarşı tərəfin düzgün olmayan manevri və təhlükəli ötmə cəhdi olmuşdur. Hadisə yerinə yaxın olan DYP-nin **-YP-*** nömrəli polis ekipajı hadisəyə baxış keçirmiş, hər iki avtomobilin sənədlərini toplamış və ilkin olaraq günahın qarşı tərəfdə olduğunu bildirmişdir. Bununla belə 22 noyabr 2025-ci il, saat 13:30 radələrində BDYP-nin baş inspektoru, polis mayrou X4 tərəfindən izahatı tam şəkildə alınmasına baxmayaraq, onun barəsində əsassız olaraq İXP7610749 saylı inzibati protokol tərtib etmiş və İ.Həsənov günahkar kimi qeyd olunmuşdur. Bu qərar hadisənin real gedişatına, obyektiv hallara və mövcüd sübutlara uyğun deyildir. Bu işlə bağlı, o, dərhal barəsində İnzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolunun və onun əsasında verilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi onun inzibati tənbeh olunmağı barədə inzibati işinə baxmış, 3(006)-7730/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Polis İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqıda qərarı ləğv edilmiş, İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırması üçün Bakı şəhəri X11 İdarəsinə geri qaytarılmışdır. Bakı şəhəri X11 İdarəsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında onun barəsində yenidən inzibati tənbeh barədə xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərar qəbul etmişdir. O, xx.xx.2025-ci il tarixdə 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə hərəkət edərkən Azadlıq prospekti ilə kəsişmə nöqtəsində idarə etdiyi “X10 Hibrid” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüngül yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, sol zolaqda düz istiqamətdə və qaydalara uyğun hərəkətdə olmuşdur. Bu zaman "Shangan Qatyuon" minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü qaydaları pozaraq, sağdan sıxılma yolu ötmə etməyə çalışmış, sola manevr edərkən onun avtomobilinin qabaq sağ buferinə toxunaraq qəzanı törətmişdir. Qəzanın faktiki səbəbi qarşı tərəfin düzgün olmayan manevri və təhlükəli ötmə cəhdi olmuş, nəqliyyat hadisəsindən sonra, hadisə yerinə yaxın olan DYP-nin **-YP-*** nömrəli polis ekipajı hadisəyə baxış keçirmiş, hər iki avtomobilin sənədlərini toplamış və ilkin olaraq günahın qarşı tərəfdə olduğunu bildirmişdir. Bununla belə, 22 noyabr 2025-ci il saat 13:30 radələrində BDYP-nin baş inspektoru, polis mayoru X4 tərəfindən izahatı tam şəkildə alınmasına baxmayaraq, əsassız olaraq İXP7610749 saylı inzibati protokol onun barəsində tərtib edilmiş və o, günahkar kimi qeyd olunmuşdur. Göründüyü kimi, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis mayoru X4 ona qarşı qərəzli olaraq, eyni zamanda qeyri-obyektiv formada yol qəzasında onu günahkar çıxarması düzgün deyil, çünki kamera görüntülərinə baxış keçirilsə, orada hadisə tamamilə əksini deyir. Aydın məsələdir ki, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis mayoru X2 hardasa marağı olduğundan belə bir qanunsuz qərar qəbul etmişdir. Şikayətçi hesab edir ki, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolunun və onun əsasında verilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Eyni zamanda Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis əməkdaşı X4 barəsində xüsusi qərardad çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən X8 Əli oğlu şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli, 3(006)-7730/2025 saylı qərarına əsasən X9 21 noyabr 2025-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyev küçəsində idarə etdiyi “X10 Hibrid” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarına riayət etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə təqsirli bilinib 40 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş 01 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2026cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, hazırki inizbati xəta ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə barədə qərar zəruri araşdırma aparılmadan qəbul edilmiş, bu səbəbdən də bu qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli qərarı ilə ləğv edilmiş və qanunvericiliyin tələblərinə əməl olunması üçün iş baxılması məqsədi ilə səlahiyyətli orqana göndərilmişdir. Lakin Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən buna əhəmiyyət verilməmiş, barəsində icraat aparılan şəxsin iştirakı olmadan 27 yanvar 2026-cı il tarixdə yenidən qərar qəbul edilmiş, bu zaman heç bir araşdırma aparılmamış, işlə bağlı digər zəruri sübutlar göstərilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Göründüyü kimi, qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan, şikayət vermiş şəxsin törətdiyi xətaya dair gətirdiyi dəlillər tam yoxlanılmadan, əvvəlki məhkəmə qərarında göstərilən nöqsanlar aradan qaldırılmadan və qəbul edilmiş qərarda şəxsin öz müdafiəsi üçün gətirdiyi hallara qiymət verilmədən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis əməkdaşı X4 barəsində xüsusi qərardad çıxarılması hissəsində şikayət əsassız olduğundan həmin hissədə şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar