Məhkəmə qərarları › İş №3(5-98)-937/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-937/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-937/2026 11.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon Prokurorluğunun nümayəndəsi X4, zərər çəkmiş şəxs - X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Türkiyə Respublikasının Silifke rayonunda anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Prokurorluğunun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 11 fevral 2026-cı il tarixli qərarı ilə (pasport №Z25103685, T.C kimlik №**********4) - xx.xx.1976-cı il tarixdə Türkiyə Respublikasının Silifke rayonunda anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş Nəsimi Rayon Prokurorluğunun nümayəndəsi X7 11 fevral 2026-cı il tarixli qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs oğlu xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında aralarında yaranmış mübahisə zamanı arvadı X3 əli ilə vuraraq sonuncuya hər iki saidin, hər iki əlin, hər iki budun və baldırın, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları xəsarəti ilə qəsdən fiziki ağrı yetirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Qeyd olunanlar Şəxs oğlunun və X2 izahatları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1487 nömrəli rəyi ilə təsdiq olunur. Qeyd edilənləri nəzərə alaraq Şəxs oğlu barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, X6 onun həyat yoldaşdır. Onlar arasında olan münasibət uzun müddətdir ki, gərgindir. Belə ki, X6 öz beynində müxtəli hekayələr quraraq onu etmədiyi hərəkətlərdə ittiham edir. X6 daimi olaraq onun hərəkətlərini, işdə kimlərlə söhbət etdiyini izləyir və aralarında hər zaman buna görə mübahisələr yaranmışdır. O, uzun müddətdir ki, X1 ayrılmağa çalışsa da, sonuncu bunu qəbul etməmiş və ona qarşı əsassız ittihamlar irəli sürmüşdür. O, X2 ailə üzvlərinə sonuncudan ayrılmaq istədiyini bildirmişdir. X6 mütəmadi olaraq ona qarşı nalayiq ifadələr işlətmiş, onu təhqir etmişdir. 28 oktyabr 2025-ci il tarixdə ünvan 3 ünvanında həyat yoldaşı X6 itozsoranın borusu ilə ona hücum etmişdir. Bu zaman o, tozsoranın borusunu Elmasın əlindən almağa çalışmış, lakin sonuncu israrla onu vurmağa çalışmış, o, isə özünü müdafiə edən zaman ayağı X2 ayağına dəymişdir. O, özünü X1 qorumaq istəyən zaman, sonuncunun qollarından tutmuşdur. Lakin, o, heç bir halda X3 vurmamış, sonuncuya xəsarət yetirməmişdir. Qeyd ediklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, 28 oktyabr 2025-ci il tarixdə ünvan 1 ünvanında həyat yoldaşı ilə birgə evdə olarkən Şəxs oğlu tərəfindən xəyanət edildiyinə şübhələri olduğu üçün sonuncu hamam otağına daxil olduqdan sonra mobil telefonunun klidini açaraq mesaj bölməsində yazışmaları oxuyarkən həyat yoldaşının iş yoldaşı olan Merve adlı şəxslə sevgi mesajlarını görmüşdür. Həmin vaxt əsəbləşərək Şəxs oğlununun yanına getmiş və ona xəyanət etməsinin səbəbini soruşmuş, sonuncu isə ilk olaraq yalnış başa düşdüyünü ona bildirmişdir. Daha sonra Şəxs oğlu onu döyməyə başlamış və xəsarətlər yetirmişdir. Buna görə də, o, polisə zəng edərək hadisə barədə məlumat vermək istəsə də, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həyat yoldaşı onun internet əlaqəsini kəsmiş və mobil telefonla əlaqə saxlamasına məhdudiyyətlər qoyduğundan polisə zəng edib məlumat verə bilməmişdir. Lakin xx.xx.2025-ci il tarixdə imkan edərək polisə zəng etmiş, lakin Şəxs oğlu onun mobil telefonda polislə danışmasına imkan verməmişdir. Buna baxmayaraq, polis əməkdaşları 15 dəqiqə sonra evə gəlmiş və o hadisə barədə məlumat vermişdir. Bundan sonra onu polis bölməsinə çağırmışlar və orada izahat verdikdən sonra ekspertizadan keçmişdir. Lakin Şəxs oğlu qanunları yaxşı bildiyindən özü gedərək guya xəsarət alması barədə saxta ekspert rəyi almışdır. O, Şəxs oğluna hər hansı xəsarət yetirməmişdir. Onun fiziki gücü zəif olduğundan və ağciyər xərçəngindən əziyyət çəkdiyindən həyat yoldaşına xəsarət yetirmək imkanı olmamışdır. Qeyd ediklərini nəzərə alaraq, Şəxs oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon prokurorunun böyük köməkçisi X8 tərəfindən qəbul edilmiş 30 yanvar 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X9 Köktebir tərəfindən döyülərək xəsarət alması əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Elmas Köktebirin və Şəxs əməllərində Azərbaycan Respublikası XM-nin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən, adları qeyd olunan şəxslər barəsində Həmin Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai raşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilməsi qərara alınmışdır; İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 11 fevral 2026-cı il tarixli qərardan görünür ki, fiziki şəxs Şəxs oğlu (pasport №Z25103685, T.C kimlik №**********4) - xx.xx.1976-cı il tarixdə Türkiyə Respublikasının Silifke rayonunda anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan - barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2025-ci il tarixli, 1487 saylı rəyində göstərilmişdir ki, Elmas Köktebirin bədən səthində aşkar edilmiş xəsarətlər- hər iki saidin, hər iki əlin, hər iki budun və baldırın, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Elmas Köktebirin bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni həm insan bədəni hissələrinin (əl, ayaq və s.), həm də küt əşya (metal boru və s) ilə yetirilmiş zərbənin təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilmələri az inandırıcıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, Şəxs oğlu inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdiyi izahatı ilə və digər iş materialları ilə Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs oğlunun məhkəmə iclasında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs oğlunun bu izahatı inzibati məsuliyyətdən azad olunmaq üçün verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar