Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-983/2026 23.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 30 yanvar 2026-cı il tarixli AYN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 30 yanvar 2026-cı il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2026-cı il tarixində Hüseynbala Əliyev küçəsində yerləşən 20430 nömrəli parklanma yerində avtomobilini park etmişdir. Sonradan barəsində AYNA tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 346-1.3-cü maddəsinə əsasən AYN ******* nömrəli elektron qərar tərtib olunaraq 60 AZN məbləğində cərimə tətbiq olunmuşdur. Qərarda qeyd olunur ki, guya avtomobili əlillər üçün nəzərdə tutulmuş 28430 nömrəli parklanma yerində saxlanılmışdır. Məlumat üçün bildirir ki, o, "Azparkinq" sistemində avtomobili üçün nəzərdə tutulmuş fərdi parklanma talonuna malikdir. Həmin talonda göstərilən 20430 nömrəli parklanma yerindən ödənişsiz istifadə edir və qeyd olunan parklanma yeri əlillər üçün nəzərdə tutulmuş parklanma yeri deyildir. Elektron qərara əlavə edilmiş fotoşəkillərdən də açıq-aydın görünür ki, avtomobilini park etdiyi yerdə (20430) (avtomobilinin əhatə dairəsində) əlillər üçün parklanmanı göstərən hər hansı yol nişanı və ya məlumat lövhəsi mövcud deyildir. Yeganə belə lövhə avtomobilini saxladığı yerdən sonra yerləşir. Əlillər üçün nəzərdə tutulmuş parklanma yerinin nömrəsi müvafiq məlumat lövhəsində 28430 olaraq qeyd edilmişdir. Onun avtomobilinin həmin lövhədən sonra deyil, ondan əvvəl — 20430 nömrəli parklanma yerində saxlanıldığı aydın şəkildə görünür. Bu isə onu göstərir ki, yalnız həmin lövhədən sonra avtomobil saxlanılacağı təqdirdə qayda pozuntusundan söhbət gedə bilərdi. Nəzərə alsaq ki, o, 28430 lövhəsindən əvvəl avtomobilini saxlamış, onda nəyə görə ona cərimə tətbiq olunubdur. Göstərilənlərə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tərtib etdiyi 30 yanvar 2026-cı il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, X5 (şikayətçi) tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə AYNA-nın 30 yanvar 2026-cı il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 29 yanvar 2026-cı il tarixində X5 Bakı Şəhəri Nəsimi Rayonu Hüseynbala Əliyev küçəsindəki, əlillər üçün təyin olunmuş parklanma yerinə daxil olduqdan sonra İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsilə məsuliyyətə cəlb olunaraq 60 (altmiş) manat cərimə edilmişdir. AYNA parklanma verlərini müəyyənləşdirir, onları təşkil və idarə edir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin 1-ci hissəsinə əsasən dövlət avtomobil yollarında parklanma yerləri Bakı şəhərinin inzibati ərazisində AYNA tərəfindən müəyyən olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən Bakı şəhərinin inzibati ərazisində AYNA ilə razılaşdırılmaqla təşkil edilir. Eyni zamanda “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin Xİ hissəsinə əsasən Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür. Həmin maddənin XXİ hissəsinə əsasən Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmaya görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyır. Həmin qanunun XVİ hissəsinə əsasən Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. X4 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəbdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X5 şikayəti əsassızdır və təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxsə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında işitrak etməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 30 yanvar 2026-cı il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əks etdirən çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 29 yanvar 2026-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində nəqliyyat vasitəsi ilə əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 60 (altmış) manat miqdarında cərimə edilmişdir. İş üzrə sənədlərdən müəyyən olunmuşdur ki, X5 tərəfindən idarə edilməsi iddia olunan nəqliyyat vasitəsi əlillər üçün nəzərdə tutulmuş yerdə park edilmiş və avtomobilin üzərində əlil fərqlənmə nişanından istifadə edilməmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə –altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” qanunun 53 maddəsinin X bəndinə əsasən X. Parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 30 yanvar 2026-cı il tarixli AYN seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(5-98)-983/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-983/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver