Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-1048/2026 25.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X8 iclas katibliyi, protokol tərtib etmiş şəxs - Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsində X2 ictimai yerdə, daha sonra telefonda söyüb təhqir etmişdir. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, Şəxs bu hərəkətləri ilə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin polis sahə inspektoru X9 izahatında bildirdi ki, X7 ərizə ilə müraciət edərək Şəxs ilə aralarında mübahisə yarandığını, mübahisə zamanı Şəxs ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etdiyini bildirmiş, bu səbəbdən Şəxs dəvət edilmiş, izahatı alınmış, tərəfləri barışdırmağa çalışsa da, bu mümkün olmamış, sonda protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə özünə məxsus “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsinin təmir olunması üçün Şəxs işlədiyi sexə yaxınlaşmış, orada Şəxsla 180 manat müqabilində nəqliyyat vasitəsini təmir etməsi ilə bağlı, həmçinin nəqliyyat vasitəsini tam təmir edilmiş vəziyyətdə təhvil veriləndə ödənişin olunması ilə bağlı razılığa gəlmişlər. xx.xx.2026-cı il tarixdə, saat 16 radələrində nəqliyyat vasitəsini təhvil almaq üçün sexə yaxınlaşmış, nəqliyyat vasitəsində razılaşdırılmış şəkildə təmir işlərinin aparılmamasını görmüş, bununla bağlı öz iradlarının Şəxs bildirmişdir. Bu zaman Ruslan bunun onun işi ilə əlaqəli deyil, dəmirçinin işi ilə əlaqəli olmasını, gedib təmir edib gəlməsini bildirmiş, o, ordan uzaqlaşdıqda onun işçiləri ondan ödənişi tam şəkildə ödənilməsini tələb etmiş, o, Ruslanın özünə yaxınlaşaraq işini tam təhvil vermədiyini, digər təmir işlərini də tamamladıqdan sonra ödənişi edəcəyini bildirmiş, lakin Şəxs ona qarşı təhqiredici ifadələr işlətmiş, o, polis əməkdaşı olduğu üçün soyuqqanlı davranaraq ona heç bir əl-qol, müqavimət göstərməyərək hadisə yerindən uzaqlaşmışdır. Uzaqlaşdıqdan sonra Ruslan telefonla ondan polis orqanlarına, məhkəməyə şikayət edəcəyini bildirmişdir. O, qohumuna zəng vuraraq 180 manatı ödəməsini, Ruslanın onu təhqir etməsi ilə bağlı isə özününü Ruslanla danışacağını bildirmişdir. O, Şəxs zəng vurmuş, onu qohumunun yanında təhqir etməsini bildirdikdi Şəxs telefonda onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Onun ailə üzvləri rəhmətə getmiş, atası uzun illər DİO-da xidmət etmiş, X6 iştirak etmiş, əmisi isə şəhid olmuşdur. Ailə üzvləri hər kəsin zəif nöqtəsidir, onları təhqir etməyə heç kimin ixtiyarı yoxdur. Bütün bunlara baxmayaraq, o, yenə də soyuqqanlı davranmış, onu üzrxahlıq etməyə dəvət etmiş, lakin Ruslan buna məhəl qoymayaraq yenə də öz kobud rəftarına davam etmişdir. O da öz növbəsində 23-cü PB-nə müraciət etmiş, Şəxs da PB-nə dəvət edilmiş, sülhə, üzrxahlığa dəvət edilmiş, lakin o, törətdiyi əmələ görə peşman olmamış, əksinə ona hədə-qorxu gələrək, şantaj edərək onun videogörüntülərini sosial şəbəkədə yayacağını bildirmiş, o, polisə, məhkəməyə şikayət edəcəyini bildirdikdə isə o, polis, prokurorluq, məhkəmə orqanlarının ünvanına təhqiramiz ifadələr işlədərək polis idarəsini tərk etmişdir. Daha sonra o yenə də Ruslana zəng vuraraq onu sülhə dəvət etsə də, Ruslan etdiyi hərəkətlərdən dönməmişdir. Hazırda Şəxs şikayətçidir, onu bağışlamır, onunla barışmır, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq bildirdi ki, nəqliyyat vasitəsi ona məxsusdur, özü Şəxs yanına gətirmişdir, özü Mərdəkanda qaldığı üçün Kamildən xahiş etmişdir ki, sadəcə qiymətlə bağlı maraqlansın. Özü əlində görüntü ilə polis idarəsinə gələrək ona hədə-qorxu gələrək, şantaj edərək həmin videogörüntünü sosial şəbəkədə paylaşacağını bildirmiş, o da paylaşacağı təqdirdə laızmi qaydada orqanlara müraciət edəcəyini bildirmişdir. Həmçinin Şəxs qarşı nalayiq ifadələr işlətmişdir, belə ki, o bildirmişdir ki, 180 manat ödənişi edəcək, lakin onun “180 manatın arxasında gizlənən oğlansan, bas bayıra” sözünə görə şikayət edəcək, ondan sonra Şəxs onu söyməyə başlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirdi ki, özü avtomobil təmiri fəaliyyəti ilə məşğul olur, Nizami rayonunda avtomobillərin təmiri sexi var. 22 fevral 2026-cı il tarixdə Kamil adlı şəxs “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsini onun yanına gətirmiş, avtomobilin təmiri ilə bağlı 180 manat razılaşmış, lakin həmin vaxt o, Kamilə bildirmişdir ki, maşının arxa hissəsində yumruq boyda deşik var, həmin hissənin düzəldilməsi dəmirşinin işidir, onu dəmirçi düzəltməlidir, o ancaq həmin hissəni qurulayıb rəngləyə bilər, yəni yüngül kosmetik işlər apara bilər. Qarşı tərəf də bununla razılaşmış, nə bacarırsa, eləməsini bildirmiş, o, həmin işlərin 4-5 gün çəkəcəyini bildirmiş, lakin ondan maksimum tez yekunlaşdırmağı xahiş etdikləri üçün sabaha hazırlayacağını bildirmişdir. Həmin günü gecəni, həmçinin səhər günü də usta həmin avtomobilin üzəribdə işləmiş, təkərləri çıxarmış, qurulama, rəngləmə kimi işlər görülmüşdür. Sabahsı günü başqa bir maşınla başqa bir şəxs həmin avtomobilin yanına gəlmiş, o başa düşmüşdür ki, gələn həmin avtomobilin sahibidir. Həmin şəxs maşına baxmış, o da maşının yanına yaxınlaşmış, onun aqressiv olduğunu hiss etmiş, Rüstəm ona həmin hissəsnin niyə düzəldilmədiyini soruşmuş, o da həmin işinin dəmirçinin işi olmasını bildirmişdir. Rüstəmin aqressiv olduğunu görüb hər hansı hadisə baş verməsin deyə sakitcə otağına keçmiş, bir qədər sonra Kamil və Ehtiram otağa gəlmişdir. O, Kamilə maşının təmiri ilə bağlı necə danışmaqlarını xatırlatmış, Kamil də onun dediklərini təsdiqləmişdir. O hətta demişdir ki, dəmirçi işini gördürsünlər, o yenə də qalan işləri görər. Bu qədər iş görüblər, qalan işləri də görə bilərlər. Onlar otaqdan çıxıb getdikdə içşi gördükləri işini pulunu istəmişdir. Lakin o görmüşdür ki, Ehtiram pul ödəmək istəmir. O bildirmişdir ki, bütün gecəni usta maşının üzərində işləyib, səhər də gəlib işləyib. Yenə də onun pul vermək istəmədiyini başa düşüb “sən 180 manatın arxasında gizlənən oğlansan” demiş, bundan sonra Ehtiram Rüstəmov onun üzərinə gəlmiş, o, hadisə böyüməsin deyə əliylə onu itələmişdir. Bundan sonra onlar çıxıb getmişlər. Sexdə kameralar var, həm səs, həm görüntünü yazır. Bütün bu danışdıqlarının səs və videoyazısı onda mövcuddur. Onlar getdikdən sonra o, səliqəli, tamamailə etik şəkildə Kamilə mesaj yazaraq 3 gün ərzində 180 manat pulun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmin mesaj da onun telefonunda qalmışdır. Bu mesajan sonra Ehtiram ona zəng vuraraq mesajda nə yazdığını soruşmuş, o da ödəniş etməsə, şikayət edəcəyini bildirmiş, qarşılığında Ehtiram bildirmişdir ki, ondan şikayət edəcəkdir ki, onun var-yoxunu söyüb. Bu sözü götürə bilməmiş, əsəbləşmiş, qarşılığında sadəcə bir kəlmə yalançını söymüşdür. Bundan sonra Ehtiram Rüstəmov onu nalayiq, təhqiramiz ifadələrlə söyməyə başlamışdır. O, telefonu söndürmüş, Ehtiram təkrar zəng vursa da, cavab verməmişdir. 15 dəqiqə sonra Kamil əmisi və dayısı ilə birlikdə gələrək Ehtiramın polis işçisi olduğunu bildirmiş, ona qarşı Ehtiramın hörmətsizlik etdiyini qəbul edərək 180 manatı ödəmiş və ondan şikayət etməməyi xahiş etmişlər. Yalnız həmin an o bilmişdir ki, Ehtiram polis işçisidir. Daha sonra sahə X5 zəng vurmuş, o, olanları Elvinə danışmışdır. Axşamtərəfi işdən çıxanda yenidən Ehtiramla svetoforun qarşısında qabaqlaşmış, kameralar olduğu üçün onun sexə gəlməsini bildirmişdir ki, aralarında nəsə hadisə olsa, kameralara düşsün. Bundan sonra o, sahə inspektoru Elvinə zəng vuraraq belə bir problem olduğunu bildirmiş, Elvin də ona onun polis işçisi olduğunu, ondan şikayət etdiyini, ikisinin birlikdə polis bölməsinə gəlməsini bildirmişdir. Polis bölməsində olarkən o izahat vermiş, izahatında da bildirmişdir ki, o, birbaşa Ehtiramı söyməmiş, onun ünvanına nalayiq ifadə işlətməmiş, sadəcə Ehtira onu öz hərəkətləri ilə məcbur etmiş, o əsəbləşmiş, ağzından bir kəlmə söyüş çıxmış, telefonda yalan danışanı əsəbləşdiyi üçün söymüşdür. Lakin Ehtiramın dedikləri yalandır, o, polis, prokurorluq, məhkəmə orqanlarının ünvanına nalayiq ifadələr işlətməmiş, həmçinin Ehtiramın ailə üzvlərinə də qarşı nalayiq ifadələr işlətməmişdir. Barəsində əsassız olaraq İXM-nin 510.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Ehtiram Rüstəmovdan o halda üzr istəyər ki, Ehtiram da ondan üzr istəsin .Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokola əsasən Şəxs tərəfindən İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inibati xəta törədilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsinin məzmunundan görünür ki, Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin ictimai qaydanı pozan hərəkətlər etməsi müəyyən edilmişdir. Hazırki işin faktiki hallarından aşkardır ki, Şəxs münasibətdə Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi ilə, yəni ictimai qaydanı pozan hərəkətlər etməsi öz təsdiqini tapmır. Bundan başqa, işin hallarından göründüyü kimi, Şəxs zərərçəkmiş şəxs X3 qarşı nalayıq ifadələr işlətməsi, sonuncunu təhqir etməsi zərərçəkmiş şəxsin birbaşa təsiri nəticəsində olmuşdur. Belə ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs arasında zərərçəkmiş şəxsə məxsus nəqliyyat vasitəsinin təmiri ilə bağlı razılaşma olmuş, nəqliyyat vasitəsinin lazımi qaydada təmir olunmaması ilə bağlı aralarında mübahisə yaranmış, zərərçəkmiş şəxsin davamlı və təkrarlanan aqressiv hərəkətləri nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxsə birbaşa yox, yalnız yalan danışan şəxsin ünvanına nalayiq söz işlətmişdir. Həmçinin onun bu ifadəni işlətməsi ictimai yerdə yox, telefonla danışarkən baş vermişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, inzibati xətanın törədilməsi ilə bağlı məhkəməyə də hər hansı sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla 33 manat əmək haqqı müdafiəçi Vəkil dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalıda həbsdən dərhal azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 33 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-1048/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1048/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver