Məhkəmə qərarları › İş №3(5-99)-1049/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1049/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-1049/2026 25.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X2 və həmin polis şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, 12 avqust 1998-ci il tarixdə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan rayonunun Qarabağlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 25 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli və 25 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 25 fevral 2026-cı il tarixli qərardadına əsasən 3(5-99)-1049/2026 və 3(5-99)-1050/2026 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(5-99)-1049/2026 nömrəsi saxlanılmışdır. 25 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus şirkəti olduğuna, həmin şirkətin hesabına pul yatırılması yolu ilə əlavə qazanc əldə edilməsinin mümkünlüyünə dair paylaşım etmiş, Zərərçəkmiş şəxs1 həmin paylaşımla tanış olduqdan sonra Şəxsla ***-***-**-** və ***-***-**-** mobil telefon nömrəsinin “WatsApp” tətbiqi vasitəsi ilə əlaqə saxlamış, bu zaman Şəxs özünü “Elşən” adı ilə təqdim edərək Zərərçəkmiş şəxs1 qeyd olunanlara inandırmış, Zərərçəkmiş şəxs1 isə Şəxs vədinə inanaraq 06 dekabr 2025-ci il tarixdə 80 manat, daha sonra həmin gün “Neftçilər” metrostansiyasının yaxınlığında olarkən “cart to cart” yolu ilə təqdim etdiyi 526163****1131 nömrəli plastik kart hesabına 200 manat pul göndərmiş, Şəxs həmin 280 manat məbləğində pulu ələ keçirib özgə əmlakını talamaqla zərərçəkmiş şəxsə xırda talama yolu ilə 280 manat məbləğində maddi ziyan vurmuşdur. 25 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə Zərərçəkmiş şəxs2 Ətlas adlı rəfiqəsinin adı ilə mesaj yazaraq təcili pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs2 həmin şəxsin həqiqətən rəfiqəsi Ətlas olduğuna inanıb, həmin gün saat 14:25 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən Şəxs göndərdiyi 5522 0993 7257 6769 nömrəli plastik kart hesabına 200 manat pul göndərmiş, bir neçə dəqiqə sonra Şəxs eyni qaydada Ətlas adlı rəfiqəsinin adı ilə Zərərçəkmiş şəxs2 mesaj yazaraq əlavə pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs2 həmin şəxsin həqiqətən rəfiqəsi Ətlas olduğuna inanıb, yaşadığı ünvan 1 ünvanında olarkən Şəxs göndərdiyi 5522 0993 7257 6769 nömrəli plastik kart hesabına 300 manat pul göndərmiş, Şəxs ümumilikdə həmin 500 manat məbləğində pulu ələ keçirib özgə əmlakını talamaqla zərərçəkmiş şəxsə xırda talama yolu ilə 500 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X6 və həmin polis şöbəsinin polis sahə rəisi X5 müvafiq olaraq protokolların məzmununa uyğun izahat vermiş və xətanı törətmiş Şəxs barəsində qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında protokolda göstərilən qaydada zərərçəkmiş şəxslərin pulunu ələ keçirdiyini etiraf etmiş, lakin maddi imkanı olmadığına görə dəymiş ziyanları ödəyə bilmədiyini göstərmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş, onunla əlaqə saxlanılması da mümkün olmamışdır, məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti, işin faktiki hallarını nəzərə alaraq həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmiş, onunla məhkəmə iclas zalında videogörüntü vasitəsi ilə əlaqə saxlanılmış, o, protokolda göstərilən qaydada 500 manat pulunun ələ keçirildiyini, Şəxs ona dəymiş ziyanı ödəmədiyinə görə şikayətçi olduğunu, pulunun ödənilməsini tələb etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 24 yanvar 2026-cı il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 məxsus pulu dələduzluq yolu ilə ələ keçirmiş şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 24-cü PŞnə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 28 yanvar 2026-cı il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 məxsus pulu dələduzluq yolu ilə ələ keçirmiş şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 24-cü PŞnə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmiş və barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 25 fevral 2026-cı il tarixdə, saat 11:30-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş qaydada müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə dəymiş zərərlərin əvəzi ödənilməmişdir, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin mülki icraat qaydasında belə tələb irəli sürmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 25 fevral 2026-cı il, saat 11:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-in İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxslərə izah edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar