Məhkəmə qərarları › İş №3(5-99)-1085/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1085/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-1085/2026 27.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair 27 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar ilə birlikdə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 27 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə vətəndaş X3 RPİ-nə ünvanladığı ərizə əsasında Norkoloji mərkəzə göndərilmiş, tibbi müayinə zamanı sidik nümunəsində “THC” və “MTD” aşkar edilmişdir. Şəxs xx.xx.2026-cı il tarixdə narkotik istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixində 25-ci polis şöbəsinə gətirilmişdir. M.X.Şərifli 2A ünvanında yaşayan vətəndaş ərizə ilə polis idarəsinə müraciət edib ki, narkotik vasitələrin basdırılması, dövriyyəsi və qəbulu ilə məşğul olması ilə şübhəli bilinən belə bir avtomobil var. Keçirilmiş tədbir nəticəsində vətəndaş Nizami rayon Polis İdarəsinə gətirilmiş və onun üzərində narkotik və ya psixotrop maddə olmamışdır. Vətəndaş özü mərkəzdə etiraf etmişdir ki, o, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından almış, şəxsi istifadəsi üçündür, 10 gün əvvəl istifadə etmişdir. Həmin şəxs narkoloji mərkəzə göndərilmiş və rəy ilə fakt öz təsdiqini tapmışdır. Şəxsin özü də etiraf edir ki, 1-2 dəfə istifadə etmişdir. Bu səbəbdən də, vətəndaş barəsində İXM-nin 206-cı maddəsinə əsasən protokol tərtib olunaraq, Nizami rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Şəxs bildirmişdir ki, marixuananı İran İslam Respublikasının vətəndaşından istəmiş, oda metamfetamin vermişdir. O da metamfetamii qaytarmış, yerinə marixuana götürmüşdür. Həmin ünvana baxış keçirilmiş və yoxlama zamanı həmin ünvanda heç bir şey aşkarlanmamışdır. Əməliyyatçılar şəxsin üzərinə baxış keçirən zaman üzərində nakotik aşkarlanmamışdır. Şəxs özü qeyd etmişdir ki, Suraxanı rayon ərazisində öz şəxsi maşınında istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, marixuananın aludəçisi deyildir, 1-2 dəfə istifadə etmişdir. Marixuanı 20 manata almışdır. Həmin pulu satanın kartına göndərmişdir. Satan şəxs konum atmışdır, gedib götürəndə görmüşdür ki, başqa bir şeydir. Onu qaytarıb, marixuananı götürmüşdür. Marixuananı 10 gün əvvəl istifadə etmişdir. Analiz verəndə marixuana aşkarlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X2, hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən səmimi peşman olduması və narkotik vasitəsinin aludəçisi olmaması nəzərə alınaraq barəsində aşağı həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. xx.xx.2026-cı il tarixli “inzibati qaydada tutma” protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə həmin tarixdə saat 23:10da tutulmuşdur.

2. Bakı şəhəri NRPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitədən istifadə etməsi şübhəsi ilə saxlanılmışdır. Şəxs barəsində İXMın 206-cı maddəsi ilə protokol tərtib edilmişdir.

3. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin keçirilməsi haqqında” 25 fevral 2026-cı il tarixli 1/2193 nömrəli aktdan görünür ki, Şəxs tibbi müayinəsi zamanı sidiyində “THC” (+) və “MTD” (+) aşkar edilmişdir;

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2026-cı il tarixli 1623 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi üzrə narkoloji tibb müəssisəsində profilatik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan, o, dərhal tutmadan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə.

Qərara Aldı:

Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzinbati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar