Məhkəmə qərarları › İş №3(5-99)-112/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-112/2026

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-112/2026 06.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-443/2025 saylı icra sənədinə əsasən, Şəxs 11500 manat pul vəsaiti tələbkar X5 xeyrinə tutulmalıdır. Bakı şəhəri 15 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-1485 reyestr nömrəli icra qeydinə əsasən, Şəxs 25000 manat pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Bakı şəhəri 30 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-4309 reyestr nömrəli icra qeydinə əsasən, Şəxs 1650,99 manat əsas borc, 20 manat cərimə peniya və 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1695.99 manat pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(007)-4402/2025 saylı qərarı ilə Şəxs sözügedən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin borclu Şəxs icra vərəqələrində göstərilən tələbləri yenə də icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək onun tərəfindən tələbkarlara heç bir ödəniş edilməmişdir. Beləliklə də, borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, borclu barəsində Nizami rayon İcra Şöbəsində 3 icra sənədi mövcuddur. İcra vərəqələrinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədi üzrə tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borclu icra sənədlərinin icrasından qərəzli olaraq boyun qaçırdığı, ödənişlər etmədiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(007)- 4402/2025 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Lakin buna baxmayaraq borclu keçən müddət ərzində borcundan heç bir ödəniş etməmişdir. Borclu qərəzli olaraq icra sənədlərinin icrasından yayınır. Hazırda tələbkarlar borcun ödənilməsini tələb edir. Həmçinin borclu icra məmurunun çağırışlarına gəlmir, bu səbəbdən onun barəsində dəfələrlə axtarış elan olunmuşdur. Həmçinin digər zərərçəkmiş şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak edə bilməmişlər, ancaq şikayətçi olduqlarını bildirmişlər. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, borclunun səmimiyyətinə inanmır. Belə ki, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında da borclu bankdan pul götürərək onlara olan borcunu ödəyəcəyini bildirsə də, keçən müddət ərzində onun tərəfindən hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən bundan sonra da onun tərəfindən hər hansı ödəniş edilməsinə inanmır. Ondan şikayətçidir, borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, maddi imkanı olmadığı üçün borcundan ödəniş edə bilməmişdir. Əgər ona vaxt verilərsə, bankdan pul götürüb borclarını ödəyəcəkdir. Hazırda ödəniş etməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında müdafiəçi X8 borclu barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş üzrə digər zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuru tərəfindən məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti və işin faktiki hallarını nəzərə alaraq, digər zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-443/2025 saylı icra sənədinə əsasən, Şəxs 11500 manat pul vəsaiti tələbkar X5 xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri 15 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ- 1485 reyestr nömrəli icra qeydinə əsasən, Şəxs 25000 manat pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri 30 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ- 4309 reyestr nömrəli icra qeydinə əsasən, Şəxs 1650,99 manat əsas borc, 20 manat cərimə peniya və 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1695.99 manat pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi” haqqında qərardan görünür ki, Şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-443/2025 saylı, Bakı şəhəri 15 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-1485 nömrəli və Bakı şəhəri 30 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-4309 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(007)-4402/2025 nömrəli qərarı ilə Şəxs yuxarıda qeyd olunan icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir İş materiallarında olan xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli “borclunun axtarışı” haqqında qərarlardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inizabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla, 33 manat əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X7 33 (otuz üç) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar