Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-12/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, Ocaqverdiyev Tahir Bayram oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 19 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, M.Abbasov küçəsi, ev 2 olan Şəxs MMC-yə məxsus müəssisədə 19 dekabr 2025ci il tarixdə saat 09:30-da keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar (yoluxucu xəstəliklər ixtisası üzrə) iş və fəaliyyət aşkar edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokol tərtib olunsa da Şəxs MMC-nin lisenziyadan kənar fəaliyyətlə məşğul olmasına dair kifayət qədər sübut yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktorunun 18 dekabr 2025-ci il tarixli 3-28-1/3-2-1526/2025 nömrəli qərarından görünür ki, 19 dekabr 2025-ci il – 23 dekabr 2025-ci il tarixlərdə Şəxs MMC-nin fəaliyyətinin plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Şəxs MMC-nin (klinika) baş həkimi X2 iştirakı ilə tərtib etdikləri 19 dekabr 2025-ci il tarixli T-471 nömrəli plandankənar (növbədənkənar) yoxlama aktından və digər sənədlərdən görünür ki, vətəndaş Altun Əliyevin müraciəti ilə əlaqədar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR-nın Qanununa müvafiq olaraq Bakı şəhəri Nizami rayonu, M.Abbasov küçəsi, ev 2 ünvanında Şəxs MMC-yə məxsus “LİV X9” özəl tibb müəssisəsində “Yoluxucu xəstəliklər” ixtisası üzrə həkim-infeksionistin fəaliyyətinin yerində araşdırılması və qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi məqsədi ilə plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Müəssisədə yoxlama baş həkim X3 iştirakı ilə keçirilsə də yoxlamaya dair sənədlərə, o cümlədən “Qərar” (yoxlamanın keçirilməsi haqqında) və “Çıxarış sənədlərinin götürülməsinin təstiqi” üzrə imzalamadı. Təsdiq edilən əmək müqaviləsinin surəti və aidiyyəti üzrə həkim Günel Quliyevanın rəsmi izahatı əsasında müəssisədə “Yoluxucu xəstəliklər” ixtisası üzrə iş və fəaliyyətin lisenziyadan kənar olması müəyyən edilmişdir. 15 may 2017-ci il tarixli AR NK-nin 206 nömrəli Qərarına əsasən özəl tibb fəaliyyəti ilə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısına istinadən Şəxs MMC-yə məxsus tibb müəssisəsində “Yoluxucu xəstəliklər” ixtisasına dair iş və fəaliyyətin icrası qanunvericiliyə ziddir. Aşkar olunmuş fakt ilə bağlı Şəxs MMC barəsində lisenziyadan kənar “Yoluxucu xəstəliklər” ixtisası üzrə iş və fəaliyyətin olmasına görə İXM-nin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib olunmuş Akt və Protokol sahibkarın nümayəndəsi tərəfindən imzalanmamışdır; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyadan və ona Əlavədən görünür ki, ********** nömrəli VÖEN əsasında qeydiyyata alınmış Şəxs MMC-yə 28 mart 2018-ci il tarixdə verilmiş lisenziyada “yoluxucu xəstəliklər ixtisası üzrə” fəaliyyət növü, icazə verilmiş tibbi xidmət sırasında yoxdur; -Əmək müqaviləsindən görünür ki, X5 22 avqust 2019-cu il tarixdə bağlanmış müqavilə əsasında Şəxs MMC-də “İnfeksiya xəstəlikləri şöbəsinin müdiri“ vəzifəsinə işə qəbul edilmişdir. -X1 17 dekabr 2025-ci il tarixli yazılı izahatından görünür ki, Şəxs MMC-də onun tərəfindən “Yoluxucu xəstəliklər” ixtisası üzrə iş və fəaliyyət həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinin mənasına görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hansı ki, Şəxs MMC-də bu cür işin, yəni 28 mart 2018-ci il tarixdə verilən lisenziyada və ona Əlavədə müəyyən edilməmiş, lisenziyadan kənar “Yoluxucu xəstəliklər” ixtisası üzrə işin, tibbi fəaliyyətin həyata keçirilməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-99)-12/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-12/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver