Məhkəmə qərarları › İş №3(5-99)-1210/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1210/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-1210/2026 06.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X5 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X2 barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçiləri – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Masis rayonu, Zəngilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-də elektromexanik işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokolu tərtib etmiş səlahiyyətli şəxsin mövqeyinə görə Şəxs, xx.xx.2026-cı il tarixdə, saat 11:40-da Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində polisin qanuni tələblərini pozaraq tabesizlik etmiş, səs-küy salaraq nalayiq ifadələr işlətmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, inzibati xəta haqqında protokolu və tutma protokolunu onları oxuyub başa düşə bilmədiyi üçün imzalamamışdır. xx.xx.2026-cı il tarixdə səhər saatlarında ona məxsus olan qarajdan zəng vuraraq MKİS-dən gələrək qarajdakı yamanı sökmək istədiklərini bildirmişlər. Əvvəllər də həmin idarədən dəfələrlə gəlmiş, o, növbədə olarkən güc tətbiq edərək həmin yamanı sökmək istəmişlər. Onun qonşularını aldadaraq guya yolu abadlaşdırmaq adı ilə onlardan şikayət ərizələri almışlar, əslində isə qonşularının ondan heç bir şikayətləri yoxdur. O, yamanı 35 il bundan əvvəl tikmiş, həmçinin bələdiyyə ilə 49 illik icarə müqaviləsi bağlamış, vaxtı-vaxtında ödənişlərini də etmişdir. Uzun illərdir ki, həmin yamanın sökülməsi ilə bağlı idarə əməkdaşları ilə aralarında mübahisə var, belə ki, onlar heç bir əsas olmadan həmin yamanı sökməyə çalışırlar. Hadisə günü o, qarajın qarşısına gəldikdə orada polis əməkdaşlarını görmüş, onlar özünü 25-ci PŞ-nin əməkdaşları kimi təqdim etmiş, yamanı sökmək üçün orda olduqlarını bildirmişlər. O, onlardan yamanın sökülməsi ilə bağlı məhkəmə qərarının, yaxud hər hansı rəsmi bir sənədin olub-olmamasını soruşmuş, cavabında heç bir rəsmi sənədin olmadığını, sadəcə yamanın sökülməsi ilə bağlı göstərişin olduğunu ona bildirmişlər. O da rəsmi sənəd olmadığı halda yamanın sökülməsinə icazə verməyəcəyini bildirmiş, əvvəllər də onun icazəsi olmadan ona məxsus torpaq sahəsində tikdiyi “besetka” söküldüyündən o ehtiyat etmiş, özlərini müdafiə etmək üçün oğlu Pərvin Əliyeva video çəkiliş etməyi tapşırmış, oğlu da onun tapşırığına əsasən hadisələri telefonla çəkməyə başlamışdır. O, qarajda olmadığı vaxtda yamanı sökə bilməsinlər deyə avtomobilini yamanın üzərində saxlamış, polis əməkdaşı ondan avtomobilin açarını istədikdə açarının üstündə olmadığını bildirmiş, həmin vaxt DİN-nin 102 xidmətinə zəng vurmuş, həmin anda da polis əməkdaşları tərəfindən oğlu ilə birlikdə maşına əyləşdirilərək polis şöbəsinə aparılmışlar. O, polis əməkdaşlarına qarşı tabesizlik etməmiş, hər hansı müqavimət, güc tətbiq etməmişdir. Hətta o, telefonda DİN-nin 102 xidmətinin əməkdaşı ilə danışdığı vaxtda 4-5 nəfər polis əməkdaşı ona qarşı güc tətbiq edərək onu maşına əyləşdirlmişlər. Səs yazıları 102 xidməti tərəfindən qeydə alınır, həmin səs yazılarına qulaq asılsa, onun polis əməkdaşlarına qarşı tabesizlik göstərmədiyi də məlum olar. Qeyd olunan halları nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X15 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnin polis nəfəri X3 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə, saat təxminən 11:00 radələrində xidmətdə olarkən tağım komandirinin göstərişinə əsasən İTŞ-nin əməkdaşlarına kömək göstərilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsinə yaxınlaşmış, orada artıq tərəflər arasında mübahisənin yaranmasını görmüşlər. Hadisə yerində əsasən Şəxs səs-küy salaraq tabesizlik göstərmiş, Pərvin Əliyev isə telefonla videoçəkiliş aparmışdır. Onlar dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də, o, onların qanuni tələblərinə tabe olmamış, öz hərəkətlərinə davam etmişdir. Bu səbəbdən güc tətbiq edərək həmin şəxsləri avtopatrula əyləşdirərək polis şöbəsinə təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnin polis nəfəri X7 şahid X3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Şəxs tərəfindən tikilmiş yama yaşadıqları ünvanda gediş-gəlişə, maşınların giriş-çıxışa maneçilik törətdiyi üçün bir neçə qonşu şikayət ərizəsi ilə icra hakimiyyətinə müraciət etmişlər. Belə ki, söküntü işlərini icra hakmiyyəti həyata keçirdiyi üçün ora müraciət etmiş, məhkəməyə müraciət etməli olduqlarını bilməmişlər. Hadisə günü MKİS-nin müavini, müdiri, polis əməkdaşları ora gəlmiş, nəqliyyat vasitəsi gətirərək həmin yamanı sökmək istəmişlər. Lakin Şəxs maşınını yamanın üstündə saxladığı üçün yamanı sökə bilməmişlər. Şəxs polis əməkdaşları maşının açarını istəmiş, o isə maşının açarlarını verməmişdir. O, uzaqdan görmüşdür ki, onlar itələşməyə başlamışlar. Şəxs tabesizliyi ondan ibarət olmuşdur ki, yamanın sökülməsi üçün polis əməkdaşları maşının açarlarını tələb etmiş, o da yamanı sökmək üçün rəsmi sənədlərinin olmadığı üçün maşının açarını verməkdən imtina etmiş, yamanın sökülməsinə mane olmuşdur, orada Şəxs tərəfindən hər hansı başqa tabesizlik olmamışdır. Sonda polis əməkdaşları Şəxs və oğlunu xidməti maşına əyləşdirərək polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, Nizami rayon 28 saylı MKİS-in sahə nəzarətçisi vəzifəsində işləyir. Təxminən 10 gün əvvəl qeyd olunan ünvanda yaşıllıq zolağında maşınların təmiri üçün qanunsuz yerin düzəldilməsi ilə bağlı onlara şikayət ərizələri daxil olmuş, həmin şikayətlərin icrası ilə əlaqədar xx.xx.2026cı il tarixdə, səhər saat 10:00 radələrində MKİS-nin rəisi, o, digər əməkdaşlar, həmçinin hər hansı təzyiqlə qarşılaşma ehtimalına qarşı polisin İTŞ-nin əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər. Orada Şəxs oğlu çəkiliş etməyə başlamış, polis əməkdaşları ilə onlar arasında mübahisə yaranmış, onlar tərəfindən tabesizlik olmuşdur. Belə ki, polis əməkdaşı özünü təqdim etmiş, Şəxs oğluna çəkiliş etməsini bildirmiş, o çəkiliş edəndə polis əməkdaşı ona çəkilişi dayandırmağı bildirmiş, beləliklə mübahisə yaranmışdır. Onların ora getməkdə məqsədi yamanı sökmək olmuş, belə ki, yamanın sökülməsi ilə bağlı onlara göstəriş verilmiş, lakin Şəxs rəsmi sənədin olmaması səbəbindən yamanın sökülməsinə mane olmuş, onların yamanı sökməyə ixtiyarlarının olmadığını bildirmişdir. Şəxs və oğlu tərəfindən tabesizlik ondan ibarət olmuşdur ki, çəkilişi dayandırmamışlar. Polis əməkdaşları onları maşına əyləşməyə dəvət etdikdə, onlar əvvəl razılaşmamış, daha sonra polis əməkdaşları onlara güc tətbiq edərək maşına əyləşdirmişlər. Həmin vaxt Şəxs telefonda DİN-nin 102 xidməti ilə danışırmış. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfərləri Zülfüqar Ələkbərov və Pərviz Rəsulovun Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci PŞ-nin rəisinin ünvanına xx.xx.2026-cı il tarixdə tərtib edilmiş raportda göstərilir ki, xx.xx.2026-cı il tarixdə, saat təxminən 11:00 radələrində Q.Qarayev prospektində xidmətdə olarkən tağım komandirinin göstərişi əsasında R.Rüstəmov küçəsinə yaxınlaşın İTŞ-nin əməkdaşlarına köməklik göstərmələri bildirilmiş, onlar dərhal həmin ünvana yaxınlaşmış, İTŞ-nin əməkdaşları 2 nəfər şəxsi onlara göstərərək onlara tabesizlik göstərdiklərini və qanuni tələblərinə tabe olmadıqlarını bildirmişlər. Həmin vətəndaşları avtopatrula dəvət etdikdə onlar onlara da müqavimət göstərmiş, onlar güc tətbiq edərək onları avtopatrula əyləşdirib 25-ci PŞ-nə dəvət etmişlər. İş materiallarında olan xx.xx.2026-cı il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 11:40-da tutulmuşdur. Həmin protokol Şəxs tərəfindən imzalanmamış, həmçinin müdafiəçinin iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin ictimai qaydanı pozan hərəkətlər etməsi və polis işçisinin vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmaması müəyyən edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs polisin qanuni tələblərinə tabesizlik etməmiş, xırda xuliqanlıq hərəkətlərinə yol verməmiş, sadəcə tərəfindən tikilmiş yamanın sökülməsi üçün rəsmi sənədləri tələb etmiş, həmin sənədlərin olmadığı təqdirdə söküntüyə icazə verməyəcəyini bildirmişdir. Beləliklə, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 510.1 və 535.1-ci maddələri üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməllərdə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs və şahidllərin məhkəməyə verdiyi ifadələrindən bəlli olur ki, Şəxs xırda xuliqanlıq hərəkətlərinə yol verməmiş, polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmiş, fiziki olaraq hər hansısa müqavimət göstərməmişdir. Bununla da protokolda göstərilən əməldə İXM-nin 510.1 və 535.1-ci maddələrində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. Beləliklə, protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X1 Əliyevin təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, protokol tərtib edən şəxs tərəfindən Şəxs dövlət hesabına vəkillə təmin olunmamışdır, həmçinin şəxsin dövlət hesabına vəkildən imtina etməsi ilə bağlı ərizəsi iş materiallarında aşkar olunmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs sənədlərin hüququi mənasını başa düşmədiyi üçün onları imzalamadığını bildirmişdir. Beləliklə, şəxsə dövlət hesabına müdafiəçi təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Mövcud qanunvericiliyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiə hüququnun təmin edilməsi inzibati orqanın birbaşa vəzifəsidir. Müdafiə hüququnun məhdudlaşdırılması isə icraatın qanuniliyini şübhə altına alan kobud prosessual pozuntu hesab olunur. Hazırkı halda Şəxs dövlət hesabına müdafiəçi təyin edilməmiş və ona real olaraq təqdim edilməmişdir. Məhz hüquqi savadı olmadığına və müdafiəçi ilə təmin edilmədiyinə görə şəxs inzibati xəta haqqında protokolu, tutma protokolunu imzalamaqdan boyun qaçırmışdır. Bu hal onun təqsirinin etirafı kimi qiymətləndirilə bilməz və qanunvericiliyə görə şəxsin müdafiə hüququnun reallaşdırılması ilə birbaşa əlaqədardır. Nəticə etibarilə, inzibati icraat zamanı şəxsin konstitusion müdafiə hüququnun pozulması, iş üzrə toplanmış materialların hüquqi qüvvəsini aradan qaldırır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla 33 manat əmək haqqı müdafiəçi X12 dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X12 33 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar