Məhkəmə qərarları › İş №3(5-99)-130/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-130/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-130/2026 12.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati araşdırma zamanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 57-1-ci maddəsində müəyyən edilmiş qaydada və müddətdə müvafiq sənədlər barədə məlumatlandırılması, qanunvericiliyin bununla bağlı tələblərinə əməl edilməsi barədə sübutlar təqdim edilməmişdir. Materiala əlavə edilən, şəxsin istifadəsində olan mobil telefonuna sms göndərilməsi barədə arayış isə formal xarakter daşıyır, smsin hansı məqsədlə göndərilməsi, məzmunu, göndərilən nömrə, smsin çatdırılmasını əks etdirən məlumat həmin arayışda öz əksini tapmamışdır, ona görə yuxarıda göstərilən tələblərə əməl edilməsi demək deyildir. Bundan başqa, materialın məhkəmənin icraatına qəbulunun mümkünlüyü məsələsi yoxlanılarkən barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmiş Şəxs qeydiyyat yeri Bakı şəhəri, Nizami rayonu kimi qeyd olunsa da, elektron sistemdə yoxlama zamanı onun Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olduğu məlum olmuşdur. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer hesab olunur. Bu baxımdan, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan əməl (yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) hərəkətsizlikdə ifadə olunmaqla, inzibati xətanın törədildiyi yer fiziki şəxsin qeydiyyatda olduğu yer hesab edilir. Belə olan halda, inzibati materialın Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilib baxılması üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsindəki inzibati material, nöqsanlar aradan qaldırılmaqla onun aidiyyəti məhkəməyə göndərilməsi məsələsinin həlli üçün, protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 09 dekabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar