Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-151/2026 07.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, hakim köməkçisi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx xxx 1980-ci il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu Məmmədli kəndi, “Göyqurşağı-Məmmədli” yaşayış kompleksi, ev 4, mənzil 86-da qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, M.Şərifli küçəsi, ev 25, mənzil 251-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 07 yanvar 2026-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunan sənədlərə əsasən Şəxs, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(011)-121/2025 nömrəli icra sənədi üzrə ondan 21 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 28 yanvar 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində alimentin tutularaq X2 xeyrinə ödənilməsinə və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, e-2(011)-5341/2025 nömrəli qətnaməsi üzrə 21 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan Zərərçəkmiş şəxs xeyrinə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli miqdarında alimentin tutulmasına dair icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədləri üzrə ümumilikdə 2980 manat məbləğində aliment borcunu ödəməyərək icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X6 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 11 fevral 2025-ci il tarixdən aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində, 03 oktyabr 2025-ci il tarixdən isə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində hesablanmışdır. Borclu müəyyən ödənişlər etmişdir. Tələbkar isə borcun tam ödənilməsini tələb edir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsində alimentin artırılması ilə bağlı onun iştirakı olmadan qətnamə qəbul edilmişdir. O, Bakı Apellyasiya Məhkəməsinə həmin qətnamədən şikayət vermişdir. Ona izah olunmuşdur ki, alimentin azalması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etsin. Həmin müddətlər arasında borc yığılmışdır. Ödənişlər etdiyi qəbzləri o, icra məmuruna təqdim etmiş, təklif etmişdir ki, borcun silinməsi üçün 280 alimentin üzərinə hər ay 100 manat da əlavə ödəniş etsin. Tələbkar isə bununla razı olmamışdır. Dekabr ayının 2-də 380 manat ödəniş etmişdir. Digər nikahından iki azyaşlı övladı vardır, kirayədə yaşayır. Tam ödəniş etməyə imkanı yoxdur. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasının təşkili ilə bağlı mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən zərərçəkmiş şəxs borclunun ona hər ay vaxtlı-vaxtında 280 manat məbləğində ödəniş etmək istədiyinə və qalan borca görə də hər ay 100 manat ödəniş etməyə söz verdiyinə görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə tələbkara olan borcundan müəyyən ödənişlər etmiş, qalan borcunu isə ödəməyi öhdəsinə götürür, tələbkar da həmin halı nəzərə almaqla için icraatına xitam verilməsinə etiraz etmir. Belə olan halda, məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, tələbkara olan borcunun bir qismini ödəmişdir, qalan borcu ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs hazırkı işlə bağlı inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına uyğun olaraq hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-99)-151/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-151/2026
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver