Məhkəmə qərarları › İş №3(5-99)-176/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-176/2026

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-176/2026 08.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakı ilə, xx.xx.1993-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə, saat 05:30 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində nalayiq sözlərdən istifadə etməklə səs-küy salaraq ictimai asayişi pozmuş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 məhkəməyə protokolun məzmununa uyğun izahat verərək şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi əməli etiraf edərək bildirdi ki, dostları ilə birlikdə səs-küy salmışdır, ancaq polisin qanuni tələblərinə tabesizlik göstərməmişdir. Əksinə polis əməkdaşları tərəfindən onlara qarşı zor tətbiq olunmuşdur. Sifət nahiyəsində xəsarət isə səbəbsiz olaraq polis əməkdaşları tərəfindən vurulması nəticəsində yaranmışdır. O, polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Belə ki, müqavimət əllə, təmasla olur. O isə müqavimət göstərməmişdir. Polis maşına əyləşməyə dəvət etdikdə də o əyləşmişdir. Sadəcə bilmək istəmişdir ki, polis bölməsinə niyə getməlidir, neynəmişdir ki polis bölməsinə aparırlar? Bir daha belə hallara yol verməyəcək, sərxoş olmuşdur. Ailə vəziyyətini nəzərə alaraq, məhkəmədən bağışlanmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Elçin İsa oğlunun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnin polis nəfəri X7 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə, saat təxminən 05:30 radələrində 3 saylı patrul sektorunda xidmətdə olarkən 01 nəfər taksı sürücüsü onları saxlayaraq arxa küçədə dava-dalaş, bıçaqlaşma olması barədə məlumat vermiş, onlar arxa küçələrdə hərəkət edərək Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində hadisə yerinə yaxınlaşmış, 3 nəfər şəxsin əlbəyaxa dava etdiklərini, yüksək səslə nalayiq söyüşlərdən istifadə etdiklərini, ictimai asayişi pozduqlarını görmüşlər. Bu zaman həmin şəxslərdən biri qaçmağa başlamış, o, onun arxasıyca qaçaraq onu saxlamışdır. Daha sonra həmin şəxsləri nizam-intizama dəvət etsələr, sakitləşdirməyə çalışsalar da, həmin şəxslər onların qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə getməkdən imtina etmişlər. Çətinliklə də olsa, həmin şəxsləri avtopatrula əyləşdirərək 25-ci polis şöbəsinə təmin etmişlər. Suallara cavab olaraq bildirdi ki, həmin şəxslərin öz aralarında dava-dalaş olmuşdur, polis idarəsinə gəldikdə isə Şəxs üzündə xəsarət var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnin polis nəfəri X4 şahid X7 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Suallara cavab olaraq şahid Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfəri X4 bildirmişdir ki, Şəxs tərəfindən onlara müqavimət göstərilmiş, hətta bu zaman onun barmağı da zədələnmişdir. Həmin şəxslər üzərlərində bıçaq olub-olmamasını yoxlamaq istədikdə də əl-qol atmış, mane olmuşlar. Dəfələrlə nizam-intizama dəvət etsələr də tabe olmamışlar, polis şöbəsinə getməkdən imtina etmişlər. Həmçinin o, Şəxs vurmamış, hər hansı xəsarət yetirməmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2026-cı il tarixli raportla, şahid ifadələri və digər sübutlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2026-cı il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 05:40-da tutulmuşdur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla, 33 manat məbləğində əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixindən, saat 05:40dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X8 33 (otuz üç) manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar