Məhkəmə qərarları › İş №3(5-99)-186/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-186/2026

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-186/2026 08.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdaş rayonu, Ağdaş şəhəri, X11 küçəsi, 27 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, YYM ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Nizami rayon Polis İdarəsi 25ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs "xxxx" MMC-nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 37A saylı binanın zirzəmisində olan 50 metr uzunluğunda TPP-50x2 kabeli oğurlayaraq, "xxxx" MMC 3 saylı Rabitə Xidmətləri Mərkəzinə 73 (yetmiş üç) manat maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Buna görə də onun barəsində qeyd edilən protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında protokolda göstərilən inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, əməlindən çox peşmandır, bir daha belə hallara yol verməyəcək. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti və işin faktiki hallarını nəzərə alaraq, zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarındakı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru X2 “cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, oğurluq əməlini törədən şəxsin gələcəkdə müəyyən edilərək barəsində inzibati qaydada tədbir görülməsi üçün Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarındakı xx.xx.2026-cı il tarixli tutma protokoluna əsasən Şəxs Gülnərəz oğlu həmin tarixdə, saat 01:30-da tutulmuşdur. Göründüyü kimi, inzibati icraatın başlanılmasına əsas olan “cinayət işinin başlanılmasının rədd olunması haqqında” qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxtdan hesablanmaqla hazırkı vaxtadək 03 aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə dəymiş zərərin əvəzi ödənilməmişdir, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 33 (otuz üç) manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X7 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində olan həmin inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş hüquqi şəxsə izah edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X7 33 (otuz üç) manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar