Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-205/2026 13.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, Ocaqverdiyev Tahir Bayram oğlunun katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 12 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 13 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 13 yanvar 2026-cı il tarixli qərardadına əsasən həmin protokollar üzrə 3(007)-205/2026 və 3(007)-206/2026 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-205/2026 nömrəsi saxlanılmışdır. 12 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 12 yanvar 2026-cı il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri Nizami rayonu, M.S.Ordubadi küçəsində mobil telefonla danışarkən ucadan nalayiq söyüşlər işlədib səs-küy salmış, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə xırda xuliqanlıq etmiş, bu zaman onun bu qanunazidd hərəkətlərinin qarşısını almağa çalışan ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. 13 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 12 yanvar 2026-cı il tarixdə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə aparıldıqdan sonra, 13 yanvar 2026-cı il tarixdə Respublika Narkoloji Mərkəzində ekspress-test üsulu ilə müayinəsi zamanı sidik nümunəsində istehlak etdiyi narkotik və ya psixotrop tərkibli maddə “MET”(+) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X4 protokolların məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 12 yanvar 2026-cı il tarixdə axşam işdən çıxmış, M.S.Ordubadi küçəsində mobil telefonda danışarkən bilmədən nalayiq söyüşlər işlətmişdir. Belə ki, işdən çıxdıqdan sonra əsəbi olduğundan telefonla danışdığı şəxslə aralarında anlaşılmazlıq olmuş, bu səbəbdən küçədə söyüş söymüşdür. Bu vaxt ona mülki geyimli şəxslər yaxınlaşmış, etdiyi hərəkətə görə ona irad bildirmişlər. O, həmin şəxslərin kim olmasını həmin anda bilmədiyinə görə onlara qarşı aqressiv olmuş, sakitləşməmiş, polis şöbəsinə getməkdən də imtina etmişdir. Bu əməllərinə görə hazırda peşmandır, gələcəkdə bir də belə hallara yol verməyəcəkdir. Lakin narkotik vasitə istifadə etməsi ilə razı deyil, belə hal olmamışdır, ola bilər ki, ağrıkəsici dərman və iynələrdən istifadə etdiyinə görə tibbi müayinə nəticəsində onun narkotik istifadə etməsi göstərilmişdir. Himayəsində iki uşağı var, həbs olunarsa işindən də məhrum ola bilər. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili X3 izahatında göstərmişdir ki, 12 yanvar 2026-cı il tarixdə, saat 18:45 radələrində inzibati ərazidə xidmətdə olmuşlar. M.S.Ordubadi küçəsində hərəkətdə olarkən tanımadıqları bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış, özlərini təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. Lakin həmin şəxs onların polis əməkdaşı olmalarına baxmayaraq ucadan ünvansız nalayiq söyüş və ifadələr işlətmişdir. Həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşı kimi onların qanuni tələblərinə tabe olmamış, aqressiv formada onlarla mübahisə etmiş və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna görə həmin şəxsi 25-ci polis şöbəsinə dəvət etmişlər, lakin o, polis şöbəsinə getməkdən imtina etmiş, qanuni tələblərini yerinə yetirməmişdir. Bundan sonra həmin şəxsi 25-ci polis şöbəsinə təmin etmiş, raport yazmaqla qeyd olunanları şöbə rəhbərliyinin nəzərinə çatdırmışlar. Şəxsiyyəti müəyyən edilərkən həmin şəxsin Şəxs olması müəyyən olunmuşdur. Şəxsin hərəkətlərindən onun narkotik istifadəçisi olması şübhə doğurduğundan Respublika Narkoloji Mərkəzində tibbi müayinəsi həyata keçirilmiş və onun narkotik vasitədən istifadə etdiyi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkilləri X5 və X2, şahid R.İ.Tağıyevlə eyni məzmunlu izahat vermişlər. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək və s. hüquqları vardır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istehlak etdiyi narkotik vasitə və ya psixotrop maddəni könüllü surətdə təhvil verməmişdir, qanunsuz olaraq həmin maddələri istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış, tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin inzibati xəta törətmiş şəxsin irəli sürdüyü dəlillə bağlı qeyd edir ki, o, “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində narkotik vasitrələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinəyə təqdim edilmiş, 13 yanvar 2026-cı il tarixdə, saat 10:45-də ekspress-test müayinəsi zamanı sidik nümunəsində istehlak etdiyi narkotik və ya psixotrop tərkibli maddə “MET”(+) aşkar edilmiş, bu barədə 105 nömrəli akt verilmişdir. Ona görə Şəxs irəli sürdüyü dəlil əsassızdır, işin icraatını istisna edən və ya icarata xitam verilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 206-cı maddəsinin (baxılan iş üzrə daha ciddi xəta) sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 12 yanvar 2026-cı il tarixdə, saat 20:10da inzibati qayadada tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə iş üzrə Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, qeyd edir ki, Şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinə görə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi üçün əsaslar yoxdur, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa, inzibati xəta törətmiş şəxsin məhkəmə iclasında hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili tərəfindən həyata keçirildiyindən ona hüquqi yardım üçün haqqın ödənilməsi məsələsi həll edilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsi ilə barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 12 yanvar 2026-cı il, saat 20:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-in İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-99)-205/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-205/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver