Məhkəmə qərarları › İş №3(5-99)-224/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-224/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-224/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Vəliyeva Nazlı Eldar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə olunmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat təxminən 08:02 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “Chevrolet Cruze” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da o, İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə video görüntü təqdim edərək və protokolla razılaşmayaraq bildirdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman sərxoş olmamışdır. Protokolda və alkotestrin nəticəsinə dair qəbzdə yazılsa da ki, o, polis əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 07:57-də alkotestr vasitəsilə yoxlanılmış, 08:02-də protokol tərtib olunmuşdur, lakin əslində polis əməkdaşı tərəfindən həmin günü 09:33 radələrində saxlanılmışdır. Həmçinin polis əməkdaşından həkim müayinəsinə aparılmasını tələb etsə də, həkim müayinəsinə aparılmamış, barəsində qanunsuz olaraq protokol tərtib olunmuşdur. Qeyd etdikləri təqdim olunan videogörüntüdə də öz əksini tapmışdır. Bütün bunların məhkəmə tərəfindən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim olunmuş video görüntülərə baxış keçirilmiş, Şəxs polis əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 09:33 radələrində saxlanıldığı məlum olmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, inzibati xətanın törədilməsi haqqında materiala məhkəmə iclası zamanı baxılarkən müəyyən edilmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə protokolun tərtib olunması üçün əsaslar inzibati orqan tərəfindən kifayət qədər araşdırılmamış, material natamam şəkildə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən təqdim olunmuş video görüntülərlə protokol, o cümlədən protokolun tərtib olunmasına əsas olmuş alkotestrin nəticəsinə dair qəbz arasında ziddiyətli məqamlar yaranmışdır. Buna görə də, məhkəmə hesab edir ki, göstərilən halların araşdırılması üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair toplanmış inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə geri qaytarılsın. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar