Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-233/2026 15.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:23 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi Şəxs məhkəmədə iştirakını real olaraq təmin etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər. Lakin məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Həmçinin protokolda şəxs tərəfindən İXM-nin 334.1-ci maddəsi ilə inzibati xəta hadisəsi törədilməsi qeyd olunsa da, müşayiət məktubunda Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi üzrə tərtib olunmuş protokolun baxılması üçün məhkəməyə göndərildiyi qeyd olunmuş, yaranmış bu ziddiyətin isə aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib olunmuş 21 dekabr 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və sənədlər Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-233/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-233/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver