Məhkəmə qərarları › İş №3(5-99)-236/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-236/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-236/2026 15.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Hüseyn Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Tovuz rayonunun Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonunun Alakol kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu F.Maqsudov küçəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 200 manat pul müqabilində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsindəki evə pəncərə quraşdırmağı öhdəsinə götürmüş, 21 noyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs atası vasitəsi ilə nağd verdiyi 100 manat, daha sonra yaşadığı Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsindəki 37 nömrəli evin 6 nömrəli mənzilində olarkən özünün verdiyi plastik kart hesabına köçürdüyü 100 manat olmaqla, cəmi 200 manat pulu almış, lakin vədinə əməl etməyib həmin şəxsi aldadaraq dələduzluq yolu ilə 200 manat məbləğində pulunu ələ keçirib maddi ziyan vurmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı xırda talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edib, hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışdığını göstərmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyan ödənildiyinə görə Şəxs ilə barışdığını göstərmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının 11 yanvar 2026-cı il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsi aldadaraq pulunu ələ keçirmiş şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dəymiş maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, Zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məxsus özgə əmlakını xırda talama yolu ilə oğurlayıb maddi ziyan vurmuş Şəxs dəymiş maddi ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs, Zərərçəkmiş şəxs xırda talama yolu ilə vurduğu maddi ziyanı ödədiyinə və onunla barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən barəsində həmin Məcəllənin 227-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar