Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-249/2026 03.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31736653 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31736653 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X2 oğlu İXM-nin 346.5-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, İXM-nin müvafiq maddəsində qeyd olunan kəsişmə anlayışı onun avtomobili saxladığı yerə uyğun gəlmir. Kəsişmə üçün əsas şərt iki müstəqil yolun mövcudluğudur. Parkinqə giriş yol statusuna malik olmadığına görə kəsişmə yarana bilməz. Kəsişmə yolların bir səviyyədə bir-birilə kəsişməsi, birləşməsi və ya ayrılması, o cümlədən bu yolların birləşməsi nəticəsində yaranan ərazidir. Ona tətbiq edilmiş İXM-nin 346.5-ci maddəsi yalnız kəsişmə mövcud olduqda tətbiq edilə bilər. Kəsişmənin mövcudluğunu sübut etmək inzibati orqanın vəzifəsidir. Sözügedən yer avtodayanacağa giriş üçün ayrılmış yol dibidir və yol hərəkəti qaydalarına əsasən kəsişmə hesab edilmir. Həmin ərazidə dayanma və durmanı qadağan edən heç bir yol nişanı və ya nişanlanma olmayıb, nəticədə 346.5-ci maddənin tərkibi yaranmamış, həmin maddədə nəzərdə tutulan “kəsişmə” və “5 metr” şərti hüquqi baxımdan mövcud deyil. Bütün bunları nəzərə alaraq, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31736653 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləöv edib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31736653 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Gəncə prospekti, 111 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 08:06-da nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə, “Mercedes Benz V250” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş foto görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, **-AR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz V250” minik markalı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarına zidd şəkildə, hərəkət hissələrinin kəsişməsində dayanmaqla, İXM-nin 346.5-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İV bəndinin 6-cı hissəsinə əsasən 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmaq qadağandır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxs tərəfindən İXMnin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Gəncə prospekti, 111 ünvanında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İV bəndinin 6-cı hissəsinin tələblərini pozmuş, nəqliyyat vasitəsini hərəkət hissələrinin kəsişməsində saxlamışdır. Beləliklə, X2 tərəfindən dayanma qaydalarının pozulması işdə olan qərar, foto görüntü və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31736653 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-249/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-249/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver