Məhkəmə qərarları › İş №3(5-99)-250/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-250/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-250/2026 19.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nizami rayon DYPŞ-nin polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Naxçıvan MR, Ordubad rayonu, Dırnıs kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR, Ordubad rayonu, Dırnıs ərazi diarəsi, Dırnıs kəndində ünvanında qeydiyyatda olan və ünvan 2, nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat təxminən 01:15 radələrində idarə etdiyi “Hyundai HD78” Xüsusi Təyinatlı Evakuator markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Çobanzadə küçəsi istiqamətində hərəkətdə olan zaman X5 idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **- TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşduqdan sonra idarə etməni itirərək R.Rüstəmov küçəsi ilə M.Gəncəvi küçəsinin kəsişməsində dayanmış vəziyyət olan X2 idarə etdiyi “Chevrolet Cobalt” minik markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ hissəsi ilə toqquşmuş, nəticədə X7 yüngül bədən xəsarəti almış, həmçinin idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. Müəyyən edilmişdir ki, Şəxs Xüsusi Təyinatlı Evakuator markalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Bununla da o, İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhər Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2026cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nizami RPİ Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Mehrac Niftəliyevin 15 dekabr 2025-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Protokol tərtib etmiş Bakı şəhər Nizami rayon DYPŞ-nin polis baş leytenantı X3 məhkəməyə protokolun məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, Şəxs sürücülük vəsiqəsi olsa da, onun B kateqoriyasına aid olan nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Hadisə zamanı idarə etdiyi evakuatorun maksimal kütləsi isə 5000 kq olduğundan onun idarə edilməsi üçün digər kateqoriyanın olması lazımdır. Bu səbəbdən Şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xətanı etiraf edərək bildirdi ki, əməlindən peşmandır, himayəsində azyaşlı, xəstə uşağı var. Həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X10 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X13 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 1339 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş R.Ə.Əjdərlinin almış olduğu xəsarətlər- təpə nahiyəsinin əzilmiş yarası; sağ baldırın bayır səthinin qançırı – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla, 33 manat əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 500 manat (beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X8 33 (otuz üç) manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar