Məhkəmə qərarları › İş №3(5-99)-255/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-255/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-255/2026 22.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə, saat təxminən 13:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin onlara qarşı nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən xx.xx.2026-cı il tarixli, MN 22928837 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin polis sahə rəisi X4 məhkəməyə protokolun məzmununa uyğun izahat verərək şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, polisin qanuni tələblərinə tabesizlik göstərməmiş, ictimai asayişi pozmamış, nalayiq ifadələr işlətməmişdir. xx.xx.2026-cı il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün duracağa aparılması istənilmiş, lakin o, buna etiraz etmiş, avtomobili duracağa aparmaqdan imtina etmişdir. Bunun səbəbi isə o olmuşdur ki, bir neçə gün öncə eyni əsaslarla polis əməkdaşları tərəfindən saxlanılmış, lakin buna baxmayaraq yenidən saxlanılmış, avtomobilində isə heç bir dəyişiklik olmamışdır. O, ucadan söyüş söyməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BBPİnin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü YPX inspektoru, polis baş serjantı X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə, saat təxminən 13:50 radələrində Şəxs idarə etdiyi nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğuna görə tərəflərindən saxlanılmış, məlum olmuşdur ki, sürücü bir neçə gün əvvəl də eyni əsaslara görə saxlanılmış, ona xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq nəqliyyat vasitəsini eyni qaydada idarə etməyə davam etmişdir. Onlar bu zaman nəqliyyat vasitəsini duracağa aparmaq istəsələr də, sürücü onların qanuni tələblərinə tabe olmayaq nəqliyyat vasitəsinin duracağa aparılmasından imtina etmiş, səs-küy salmış, ünvansız nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş, ona dəfələrlə qanunun tələbləri izah edilərək polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə inzibati məsuliyyətə cəlb oluna biləcəyi bildirilmiş, lakin sürücü yenə də onların qanuni tələblərinə tabesizlik göstərmişdir. Bundan sonra əraziyə PPX əməkdaşları dəvət edilmiş, sürücü 23-cü PB-nə təmin olunmuşdur. Suallara cavab olaraq bildirdi ki, nəqliyyat vasitəsində edilmiş konstruksiya dəyişikliyini yerində aradan qaldırmaq mümkün deyildi, bu səbəbdən qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitəsi dərhal hərəkətdən kənarlaşdırılması, cərimə meydançasına təmin olunmalı olsa da, sürücü bunu etməyə mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BBPİnin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü YPX baş inspektoru, polis baş leytenantı X3 şahid X5 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən olunmuşdur. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisinə ünvanlanmış xx.xx.2026-cı il tarixli raportlarla, şahid ifadələri hadisənin videogörüntüsünü özündə əks etdirən DVD disklə və digər sübutlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 14:15-də tutulmuşdur. Məhkəmə Şəxs himayəsində 2 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla, 33 manat məbləğində əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixindən, saat 14:15dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 33 (otuz üç) manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar