Məhkəmə qərarları › İş №3(5-99)-265/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-265/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-265/2026 23.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X5 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2006-cı ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində müvəqqəti kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:

1. Şəxs barəsində Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 23 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Protokolun əsaslandırıldığı hallar:

2. Qeyd edilən inzibati xəta haqqında protokola əsasən, Şəxs 23 yanvar 2026-cı il tarixdə R.Rüstəmov küçəsi 58 ünvanında ünvansız olaraq təhqiredici ifadələr işlədərək xidmətdə olan polis əməkdaşlarına tabesizlik göstərmişdir.

Proses iştirakçılarının çıxışları:

3. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi.

4. Məhkəmə prosesində şahid qismində dindirilmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X3 izahat verərək bildirmişdir ki, Şəxs Nizami Rayon İcra Hakimiyyətinin binasının arxasında telefonla kiminləsə danışaraq ünvansız söyüşlər söyürdü, ona yaxınlaşıb sakitləşməsini, söyüş söyməməsini desək də sakitləşmirdi daha da aqressivləşirdi. Məcbur olub Şöbəyə gətirdik orada da bir müddət səs-küy saldı daha sonra sakitləşdi. Onu maşına mindirəndə və şöbədə sakitləşdirəndə onlara qarşı müqavimət göstərmişdir. Onlara tabe olmamışdır.

5. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, telefonda qrup yoldaşı ilə danışırdı. İmtahan ərəfəsidir, bu səbəbdən stresli idi. İmtahandan kəsiri olduğunu öyrənmişdi. Təqaüd alırdı, o da kəsiləcəkdi. Bu səbəbdən ünvansız nalayiq ifadələr işlədirdi. Polis əməkdaşları onu sakitləşdirməyə yaxınlaşdılar. O, aqressiv idi ona görə onlara məhəl qoymadı. Onun qolundan tutub sakitləşdirmək istəyəndə dartındı. Daha sonra maşına mindirib Şöbəyə gətirdilər orada da sakitləşə bilmirdi çox əsəbi idi. Daha sonra sakitləşdi və düz hərəkət etmədiyini anladı. Əməlindən peşmandır. Qeyd etdiklərinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmamasını məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahatında bildirdi ki, Şəxs əməlindən peşimandır. Qeyd etdiklərini nəzərə alaraq, Şəxs barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məhkəmənin mövqeyi:

8. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir.

9. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

10. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci və 33.1.7-ci maddələrində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir.

11. Məhkəmə, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini nəzərə alaraq və onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir.

12. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırki iş üzrə inzibati qaydada tutulmamışdır, məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 23 yanvar 2026cı il tarixdən hesablanmalıdır.

Nəticə:

13. Qeyd edilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir.

14. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 66 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir.

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 23 yanvar 2026-cı il tarixdən hesablansın. Qərar dərhal icra edilsin.

Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı Şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 66 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar