Məhkəmə qərarları › İş №3(5-99)-268/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-268/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-268/2026 23.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X4 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:

1. 23 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin aktında THC, MET, TML, PGB, MTD, MOP aşkar edilmişdir.

Proses iştirakçılarının çıxışları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verdi və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 1 ay əvvəl tərkibini bilmədən ağrıkəsici kimi istifadə etmişdi. Himayəsində xəstə ata-anası var. Bacısının əri vəfat etdiyindən onun 2 uşağına da o, baxır. Əməlindən peşmandır. Qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahatında bildirdi ki, Şəxs əməlindən peşimandır. Qeyd etdiklərini nəzərə alaraq, Şəxs barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.

İş materialları:

5. 23 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin aktında THC, MET, TML, PGB, MTD, MOP aşkar edilmişdir.

6. 23 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə Nizami rayonu, C.Naxçıvanski küçəsində xidmət apararkən hərəkətlərindən narkotik vasitələrin istifadəsində özünü şübhəli aparan şəxsi saxlayaraq özünü təqdim edib polis şöbəsinə devet etdi. Polis söbəsində məlum oldu ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Şəxsdur.

7. 23 yanvar 2026-cı il tarixli, 499 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan preqabalindən və tramadoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 23 yanvar 2026-cı il tarixli, 208 nömrəli aktdan görünür ki, Şəxs sidiyində THC, MET, TML, PGB, MTD, MOP aşkar edilmişdir.

9. 23 yanvar 2026-cı il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs saat 10:00-da inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”-nə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati

məsuliyyətdən azad edilir. Bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir.

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs saxlanılarkən özünü qeyri-adekvat aparmış narkotik vasitə təsiri altında olması şübhəsi olduğundan Narkoloji Dispanserə göndərilmiş və tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin “Qeyd”-nin 1-ci bəndinə nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur.

13. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

14. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir.

15. Məhkəmə İXM-nin 32.1.1-ci və 32.2-ci maddələrinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində xəstə valideynlərinin və bacısının iki uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır.

16. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir.

17. 23 yanvar 2026-cı il tarixli, 499 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan preqabalindən və tramadoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

18. İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur.

19. Qeyd olunan maddənin məzmunundan görünür ki, inzibati xəta törətmiş şəxsə məcburi müalicə məhkəmə tərəfindən inzibati həbs tənbeh növü tətbiq edilərkən təyin edilir. Məhkəmə Şəxs İXM-nin 206-cı maddəsinin

sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab etmişdi.

20. Həmçinin məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan, o, dərhal tutmadan azad edilməlidir.

Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 66 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar