Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-273/2026 26.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs - Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Şuşa Ramanı YYM-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə, saat təxminən 13:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostnasiyasının yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən müvafiq olaraq xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 məhkəməyə protokolun məzmununa uyğun izahat verərək şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, bir gün əvvəl ona polis əməkdaşı tərəfindən həmin yerdə taksi fəaliyyəti ilə məşğul olmaması barədə xəbərdarlıq olunmuş, o da digər taksi sürücüləri kimi körpünün altında fəaliyyət göstərmişdir. Lakin köşkdən şəxsi ehtiyaclarını almaq üçün ora getmiş, həmin vaxt polis əməkdaşları ona irad bildirmiş, o da çıxıb getmək istəmişdir. Bu zaman digər taksi sürücüsü də ona irad bildirmiş, o, bundan əsəbləşmiş geri qayıtmışdır. Bu zaman səbirsizlik etmiş, digər sürücü ilə aralarında mübahisə yaranmış, elə həmin vaxt polis əməkdaşları onu tutaraq maşına əyləşdirmiş, polis şöbəsinə aparmışlar. O, polis əməkdaşlarına qarşı tabesizlik etməmişdir. Tabesizlik onda olardı ki, polis əməkdaşları onu polis şöbəsinə dəvət edərdilər, o da bundan imtina edərdi, lakin belə bir şey olmayıb. Polis əməkdaşları ona irad bildirdikdən sonra sadəcə sözünü demək üçün orada dayanmışdır. Orada böyük dava-dalaş, o dərəcədə səs-küy olmamışdır. Himayəsində 1 azyaşlı uşağı var. Qardaşı şəhid olmuşdur. Sonda şəhid ailəsi üzvü olmasını nəzərə alaraq, bağışlanmasını məhkəmədən xahiş etdi. X1 məhkəməyə verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağının olmasını, şəhid ailəsi üzvü olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının çıxışında 1 nəfər şəxsin qanunsuz taksi fəaliyyəti ilə məşğul olmasını aşkar edib həmin şəxsə yaxınlaşaraq həmin yerdə taksi fəaliyyəti ilə məşğul olmamasını, səs-küy salaraq digər vətəndaşları narahat etdiyini bildirmiş, lakin həmin vətəndaş onların qanuni tələblərinə məhəl qoymamış, həmçinin məlum olmuşdur ki, 1 gün qabaq digər polis əməkdaşı tərəfindən ona eyni hərəkətlərə görə irad tutulmuş, lakin, o, buna məhəl qoymayaraq yenidən eyni hərəkətləri etmişdir. Onlar dəfələrlə onu nizam-intizama dəvət etsələr də, o tabe olmamış, səs-küy salmış, ətrafdakı insanların diqqətini cəlb etmişdir. Mübahisə genişlənmiş, hətta onun səs-küyündən narahat olan başqa bir vətəndaş da ona irad bildirmiş, bu zamna həmin şəxs digər vətəndaşın üzərinə getmək istəyən zaman onu saxlayaraq xidməti maşına əyləşdirərək polis şöbəsinə təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X8 məhkəməyə şahid X4 ilə eyni məzmunlu izahat verərək onların dediklərini bir daha təsdiq etmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2026-cı il tarixli raportlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün etirafedici ifadəsi və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs himayəsində azyaşlı uşağını olmasını, şəhid ailəsi üzvü olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bundan başqa vəkilin iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərar ilə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla) 33 manat əmək haqqı (3x11) dövlət büdcəsinin vəsaiti hesabına X7 ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş X1na 33 (otuz üç) manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-273/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-273/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver