Məhkəmə qərarları › İş №3(5-99)-279/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-279/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-279/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş 03 yanvar 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 03 yanvar 2026-cı il tarixdə, saat 21:00-da Bakı şəhəri Ziya Bünyadov prospektində “Opel Vectra minik” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola dair işin icraatı mümkün hesab olunaraq məhkəmə iclası təyin edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, yol polisi tərəfindən Nizami rayonu ərazisində saxlanılmamışdır. 03 yanvar 2026-cı il tarixdə “Babək plaza”dan Nərimanov rayonu Montin qəsəbəsi istiqamətində hərəkətdə olarkən, “Bağırov körpüsü”nə çatmamış yol polisi onu saxlamışdır. Bundan sonra avtomobilini “Ulduz” metrostansiyası yaxınlığındakı duracağa aparmışlar. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında protokol üzrə işə mahiyyəti üzrə baxılıb yekun verilməsi mümkün deyildir, material geri qaytarılmalıdır. Belə ki, tərtib olunan protokoldan və digər sənədlərdən görünür ki, ehtimal olunan inzibati xəta Bakı şəhəri Ziya Bünyadov prospektində törədilmişdir. Belə olan halda, materiala həmin ərazinin yurisdiksiyasında fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun saxlanılma yeri ilə bağlı fərqli ünvanlar göstərmişdir. Lakin, inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 03 yanvar 2026-cı il tarixli qərardadda materialların Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Material Nərimanov rayonunun deyil, Nizami rayonunun məhkəməsinə göndərildiyinə görə, qeyd olunan səbəbdən, həmin məhkəmə tərəfindən materialın düzgün aidiyyətinin müəyyən edilməsi mümkün olmamışdır, ona görə məhkəmə hesab edir ki, ərazi üzrə məhkəmə aidiyyətinin düzgün müəyyənləşdirilərək materialın həmin yerin məhkəməsinə göndərilməsi üçün inzibati xəta haqqında protokol onu tərtib edən orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol ərazi aidiyyəti üzrə məhkəmənin müəyyən olunaraq göndərilməsi məsələsinin həlli üçün onu tərtib edən orqana geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş 03 yanvar 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar