Məhkəmə qərarları › İş №3(5-99)-301/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-301/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-301/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmal Qədir qızının katibliyi, qərardan şikayət verən şəxs X1, qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X4 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 tərəfindən Bakı şəhər X5 İdarəsinin qəbul etdiyi xx.xx.2026-cı il tarixli TP7785950 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Bakı şəhər DYPnin xx.xx.2026-cı il tarixli, TP7785950 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 2026-cı ilin yanvar ayının 15-də saat 12:33-də +**********39 nömrəli telefonla ona zəng edilmiş, yol hərəkət qaydalarının pozması ilə əlaqədar cəriməsinin olduğundan xəbərinin olub olmadığını soruşmuşlar. X2 isə bu barədə xəbərinin olmadığını və hətta belə bir cərimə varsa nə üçün telefonda SMS-radar proqramında olmadığını soruşmuşdur. Nəticədə xx.xx.2026-cı il saat 17:59 tarixinə aid cərimə qərarsız və görüntüsüz formada xx.xx.2026-cı il tarixində onun telefonuna göndərilmişdir. X2 ilk olaraq bu gecikmənin səbəbini və hadisənin baş verdiyi yeri öyrənmək üçün 902 qaynar xəttinə zəng vurmuş, onlar isə tərəfi Badamdarda Bakı Şəhər DYP-ə dəvət etmişlər. xx.xx.2026-cı il tarixində Bakı DYP idarəsinə 104-cü kabinetə getmişdir, lakin gecikmənin qanunauyğun olduğuna dair tərəfə heç bir sübut göstərilməmişdir. X2 onlardan şikayət edəcəyini bildirib inzibati xətaya aid qərarı götürmüşdür. Həmin qərarda göstərilmişdir ki, X2 1.1, 1.3, 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir və barəsində cərimə protokolu tərtib edilmişdir. Şəxs görüntüyə baxan zaman cərimənin deyilən ünvanda deyil, ona bitişik digər küçədə - Bəhruz Nuriyev küçəsinin sonunda Meqa market mağazasının həyətində (parkovka sahəsindən) çıxanda baş verdiyini bildirmişdir. X2 parkovkanın çıxışında üfiqi nişanlanma ilə düz getmək haqqında nişan olduğunu və həmin nişana uyğun hərəkət etdiyini qeyd etmişdir. Şəxs əlavə olaraq bildirmişdir ki, həmin yolda düz gedərsə qarşıdakı gediş və gəliş zolağını kəsəcəkdir. Şəxs həmin gediş-gəliş zolağının pozularaq görünməz və başa düşülməz hala gəldiyini demişdir. X2 əgər düz gediş haqda üfiqi nişanlanmaya riayət edilərsə, onda sağda yol ayrıcında qoyulan kamera görüntüsünün düzgün olmadığını, yox əgər kameraya görə sola dönmək lazımdırsa, o zaman əvvəldə qoyulan üfüqi nişanlanmanın düzgün olmadığını bildirmişdir. Ümumi qeyd etmişdir ki, həmin yolda qırıq-qırıq xətt parkovkadan çıxan yolun ortasına qədər gəlmiş olsaydı, sola dönmənin qadağan olması barədə əlavə olaraq işarələnsə insanlar həmin yerdə qanunu pozmazlar. Bakı şəhər DYP-nin xx.xx.2026-cı il tarixli, TP7785950 nömrəli qərarının ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həmin ərazidə xətləmə nişanları pozulmuşdur, bu səbəbdən də nəqliyyat vasitəsinin düzgün hərəkətinə çətinlik yaranır. Həmin ərazidəki xətt bütöv xətt hesab edilmir, sola dönmə qadağan edilməmişdir. Həmçinin, marketin həyətindən yola çıxarkən yerdə düzünə və sağa hərkət nişanı şəkilmişdir. X2 şikayət ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X4 İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 17:59 radələrində A.Mahir 1.1, 1.3, 1.11 üfüqi nişanlanmanı pozaraq barəsində protokol tərtib edilmişdir. Pozuntu TŞ ilə müəyyən edilərək Bakı şəhər BPİ-nin DYPİ-nə raport yazılmışdır. Şəxs barəsində Xəlil Cəfərov tərəfindən araşdırma aparılmış, şəxs idarəyə dəvət olunmuş, lakin gəlmədiyi üçün 100 (yüz) manat cərimə olunaraq barəsində protokol tərtib edilmişdir. O, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli, TP7785950 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 “CHANGAN QİYUAN Q05 PLUG HİBRİD” minik markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə İXM-nin 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. - Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi tərəfindən tədim edilmiş videogörüntüyə baxış keçirilməsi zamanı müəyyən olunur ki, “CHANGAN QİYUAN Q05 PLUG HİBRİD” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1.1 üfüqi nişanlanma xəttinin tələblərinə riayət etməmişdir. -Məhkəmə iclasında barəsində inzibati xəta haqında qərar qəbul edilmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntüdən müəyyən olunur ki, şikayətçi inzibati xəta hadisəsinin törədildiyi yerin görüntülərini izah edərək təqdim edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. 69-cu maddəsinin 6-cı bəndinin 1-ci hissəsinə əsasən 1.1 üfiqi nişanlanma xətti əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göründüyü kimi X2 tərəfindən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttinin tələblərinə riayət edilməyərək sola dönmə hərəkəti edilmiş, bununla da inzibati xəta hadisəsi törədilmiş və barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanları və məhkəməyə təqdim olunmuş qayda pozunutusunu əks etdirən audio-videogörüntüləri nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslı və qanunidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir və X1 barəsində Bakı şəhər BPİ-nin X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP7785950 nömrəli qərar ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət vermiş şəxs X1 BPİ-nin X4 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP7785950 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar