Məhkəmə qərarları › İş №3(5-99)-307/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-307/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-307/2026 27.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Hüseyn Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi X1, zərərçəkmiş şəxslər X2 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X8 iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 78, mənzil 44-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 27 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli və 27 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 27 yanvar 2026-cı il tarixli qərardadına əsasən 3(5-99)-307/2026 və 3(5-99)-308/2026 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(5-99)-307/2026 nömrəsi saxlanılmışdır. 27 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 19 dekabr 2025-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsindəki parkda fəhlə işləyən X2 iş zamanı geyimini dəyişib daşın üzərinə qoyduğu köynəyinin və gödəkçəsinin ciblərində olan pul kisəsini, powerbankı, şarj naqilini, 42,40 manat pulu gizli yolla oğurlayıb özgəsinin əmlakını talamaqla zərərçəkmiş şəxsə xırda talama yolu ilə 104,40 manat məbləğində maddi ziyan vurmuşdur. 27 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 20 dekabr 2025-ci il tarixdə, saat 23:43 radələrində ünvan 1 ünvanında yerləşən “Dükançı” adlı mağazadan dəyəri 25 manat olan 1 ədəd araq məhsulunu gizli yolla oğurlayıb özgəsinin əmlakını talamaqla X4 xırda talama yolu ilə 25 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X6 protokolların məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməllərini etiraf edib, hazırda zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışdığını göstərmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 ona dəymiş maddi ziyan ödənildiyinə görə Şəxs ilə barışdığını göstərmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 ona dəymiş maddi ziyan ödənildiyinə görə Şəxs ilə barışdığını göstərmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 28 dekabr 2025-ci il tarixli qərarından görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsə qarşı xırda talama əməlinə yol vermiş şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 30 dekabr 2025-ci il tarixli qərarından görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsə qarşı xırda talama əməlinə yol vermiş şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dəymiş maddi ziyanları ödəmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir, zərərçəkmiş şəxslər X9 və X10 bununla bağlı məhkəməyə ərizə təqdim etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, X5 və X4 məxsus özgə əmlaklarını xırda talama yolu ilə oğurlayıb maddi ziyan vurmuş Şəxs dəymiş maddi ziyanları ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs, zərərçəkmiş şəxslər X5 və X4 xırda talama yolu ilə vurduğu maddi ziyanları ödədiyinə və onlarla barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən barəsində həmin Məcəllənin 227-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X11 müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar