Məhkəmə qərarları › İş №3(5-99)-33/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-33/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-33/2026 03.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Vəliyeva Nazlı Eldar qızının katibliyi, protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 1 olan (VÖEN **********) Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 18 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Protokol və əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs QSC-yə 3-17-5/2-114269/2025 nömrəli, xx.xx.2025-ci il tarixdə məktub göndərilməsinə və məktubda qeyd olunan sənədlərin 07 iş günü ərzində təqdim edilməsinin tələb edilməsinə baxmayaraq, tələb edilən sənədlər protokol tərtib olunan günədək tam təqdim edilməmişdir. Belə ki, tələb olunan sənədlərdən SOCAR prezidenti tərəfindən təsdiq olunmuş 14-2/3-1K-669/2024 nömrəli əmrə əsasən Baş ofisin razılığı ilə bağlı müvafiq sənədlər təqdim edilməmişdir. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 protokolun məzmununa uyğun izahat verərək protokolu müdafiə etmiş, hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi X6 izahatında bildirdi ki, sözügedən xx.xx.2025-ci il tarixli məktub ümumiyyətlə Şəxs QSC-yə daxil olmamış, həmin məktub iş materiallarından da göründüyü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə ünvanlanmışdır. Şəxs QSC-yə xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə daxil olmuş, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə tələb olunan sənədlər tam şəkildə X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmişdir. Həmin cavab məktubu sürətli poçtla göndərilmiş, xx.xx.2025-ci il tarixdə müfəttişliyə çatdırılmışdır. Bütün bunları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93162/2025 nömrəli Şəxs QSC-nin rəhbərliyinə ünvanlanmış sorğudan görünür ki, vətəndaş X1 Şəxs QSC-də əmək hüquqlarının pozulması barədə DƏMX-nə ünvanlanan müraciətinə baxılması ilə əlaqədar Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq vətəndaş X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid müvafiq sənədlərin 07 iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə göndərilməsi tələb edilmiş, sorğu xx.xx.2025-ci il tarixdə Şəxs QSCyə daxil olmuşdur. Şəxs QSC-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93162/2025 nömrəli məktubda tələb olunan sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuşdur. Məktuba əlavə edilmiş “ARS Express & Logistics” sürətli poçt xidmətinin xəbərnaməsindən görünür ki, cavab məktubu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşı “Gözəlova” soyadlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Nömrəsi və tarixi olmayan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə ünvanlanmış sorğudan görünür ki, vətəndaş X1 Şəxs QSC-də əmək hüquqlarının pozulması barədə DƏMX-nə ünvanlanan müraciətinə baxılması ilə əlaqədar Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq vətəndaş X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid müvafiq sənədlərin 07 iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə göndərilməsi tələb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbinə əsasən, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk öncə qeyd edir ki hər hansı bir inzibati məsuliyyətin yaranması üçün törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, şin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs QSC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, protokolun tərtib olunmasına əsas olmuş sorğunun cavablandırılması üçün həmin sorğunun Şəxs QSC-yə ünvanlanması, hüquqi şəxsə çatdırılması tələb olunur. Lakin iş materiallarından da göründüyü kimi həmin sorğu məktubu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə ünvanlanmış, protokolda qeyd olunan zəruri sənədlərin təqdim edilməsi məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyindən tələb edilmişdir. Əlavə olaraq müfəttişlik tərəfindən Şəxs QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğu hüquqi şəxsə xx.xx.2025-ci il tarixdə daxil olmuş, tələb olunan zəruri sənədlər xx.xx.2025-ci il tarixli məktubla xx.xx.2025-ci il tarixdə protokol tərtib etmiş səlahiyyətli orqana təqdim edilmişdir. Belə olan halda, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar