Məhkəmə qərarları › İş №3(5-99)-330/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-330/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-330/2026 09.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 456-cı maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2209750 nömrəli protokola əsasən məlum olur ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə özü ev şəraitində istehsal etmiş alkoqol içkilərini Bakı şəhəri, Nizami rayonunda yerləşən Heydər Əliyev adlanan parkda satışı ilə məşğul olmuşdur. Məhkəmə iclas zalında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə rəisi X2 izahat verərək bildirmişdir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə ev şəraitində spirtli içki istehsal etdiyinə görə saxlanılmış, polis şöbəsinə aparılmışdır. Polis şöbəsində dindirilən zaman yaşadığı Daşkəsən rayonu, Qabaqtəpə kəndində qanunsuz spirtli içki istehsal etdiyini etiraf etmişdir. Şəxs qanunsuz spirtli içki istehsalı və onun satışı ilə məşğul olmuş, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Nizami Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolu tərtib etmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xəstə olmasını, himayəsində çox uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ev şəraitində hazırladığı spirtli içkiləri satmaq məqsədi olmadan, qohumu-xalası oğlunun xahişi ilə gətirdiyini, Bakı şəhəri, Nizami rayonunda yerləşən Heydər Əliyev adlanan parkda həmin içkiləri vermək üçün qohumu ilə görüşdüyünü bildirmişdir. Əlində təxmini 7-8 butulka spirtli içki olduğunu qeyd etmişdir. Qohumu ilə birlikdə parkda oturub içkilərə baxdıqları zaman polis əməkdaşlarının yaxınlaşdığını bildirmişdir. Evdə öz istifadəsi üçün satış məqsədi olmadan spirtli içki hazırladığını qeyd etmişdir. Şəxs məhkəmə iclasında sonradan səhv etdiyini etiraf etmiş, artıq qalan spirtli içkiləri sataraq bir qədər gəlir əldə etmək istədiyini bildirmiş, bir daha bu işlə məşğul olmayacağına söz vermişdir. Şəxs barəsində yüngül cəza təyin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, akt, özünün verdiyi etirafedici izahatı, hadisə yerinin fotoşəkili ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli aktdan müəyyən edilir ki, Nizami RPİ-nin 24-cü PŞ-ninpolis sahə inspektoru, polis mayoru X3 xx.xx.1966-cı ildə Daşkəsən rayonunda anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1ində qeydiyyatda olan, Daşkəsən rayonu Qabaqtəpə kəndində yaşayan Şəxs 9 (doqquz) ədəd ev şəraitində istehsal edilmiş alkaqol içkilərini təhvil almışdır. - xx.xx.2025-ci il tarixli MN2209750 nömrəli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə özü ev şəraitində istehsal etmiş alkoqol içkilərini Bakı şəhəri, Nizami rayonunda yerləşən Heydər Əliyev adlanan parkda satışı ilə məşğul olmuşdur. - Şəxs xx.xx.2025-ci il tarixdə polisə verdiyi yazılı izahatdan müəyyən edilir ki, o, yaşadığı ünvan 1i ünvanında küstar üsulla 08 (səkkiz) ədəd spirtli içki hazırlamış, onları satmaq məqsədilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev parkına gətirmiş, ev şəraitində hazırlanmış 9 (doqquz) butulka çəkilmiş araqdan 1 (bir) ədədini 5-6 manata satmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Şəxsbir daha ev şəraitində spirtli içki hazırlamayacağına söz vermişdir. - xx.xx.2025-ci il tarixli Nizami RPİ-nin 24-cü PŞ-nin ə.m H.İsmayılov və ə.m A.Şirinov tərəfindən tərtib edilmiş “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixində alınan məlumata əsasən bir nəfər şəxsin ev şəraitində spirtli içkilər hazırlayaraq satdığı məlum olmuşdur. Polis əməkdaşları həmin şəxsi Heydər Əliyev parkında görərək yaxınlaşmış, özlərini təqdim edərək həmin şəxsi əlindəki spirtli içkilərlə birlikdə 24-cü PŞnə dəvət etmişlər. Şöbədə həmin şəxsin 1966-cı il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. - İnzibati iş üzrə materiallara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs həqiqətən də ev şəraitində alkoqol içkiləri istehsal etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 456-cı maddəsinə əsasən, ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən AR İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirləndirildiyi AR İXM-nin 456-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1966-cı il təvəllüdlü ünvan 1ində qeydiyyatda olan, Daşkəsən rayonu Qabaqtəpə kəndində yaşayan Şəxs AR İXM-nin 456-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 9 (doqquz) ədəd ev şəraitində istehsal edilmiş alkoqollu içki müsadirə edilməklə barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Göygöl rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar