Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-332/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, Hüquqi ünvanı ünvan 1Rəşidoğlu-E» MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2026-cı il tarixdə, EP №0358105 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötəri ki, "xxxx" MMC 13100.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin məbləğin 13000.00 ABŞ dolları hissəsi hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, vəkili Vəkil çıxış edərək bildirdi ki, "xxxx" MMC tərəfindən həmin vəsait hesabına alınan mallar vaxtında və tam şəkildə ölkəyə idxal olunmuş, lakin rəsmiləşdirilmə zamanı YGB-lərin düzgün tərtib olunmamışdır. Bunları nəzərə alaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində iş üzrə icraata icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində avans olaraq xaricə köçürülmüş 13100 USD vəsait proforma invoys əsasında köçürülmüşdür. Lakin mallar ölkəyə idxal edilən zaman commercial invoys ilə idxal edilmişdir. **********2403 saylı bəyannamədə idxal müqaviləsi qeyd edilmədiyindən eyniləşmə invoyslar əsasında aparılmalıdır. Proforma invoys nömrəsi dəyişərək commercial invoys formalaşdığından vəsaiti köçürən bankda malların eyniləşməsində çətinlik yaranmışdır. Məhkəməyə təqdim edilmiş izahat məktubunda vəsaitin alındığı və malların göndərildiyi invoyslar qeyd olunduğundan bu məktuba əsasən eyniləşdirmə etmək mümkündür. Bu səbəbdən təqdim edilmiş sənədlərə münasibət bildirilməsi məhkəmənin mülahizəsinə buraxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli Qərarının 4.3.1.3-cü bəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********2403 nömrəli gömrük bəyannaməsindən görünür ki, qeyd olunan vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2026-cı il tarixli, 844 nömrəli məktubundan görünür ki, **********2403 nömrəli gömrük bəyannaməsi "xxxx" MMC (VÖEN: **********) tərəfindən "xxxx" ASC-dəki hesabı üzrə aparılan əvvəlcədən ödənişlərin bağlanması üçün təqdim edilməmişdir. Əlavə olaraq gömrük bəyannaməsində malın dəyərinin ödəniş şərti 100 (malın dəyəri əvvəlcədən ödənilmişdir) göstərildiyi təqdirdə bank tərəfindən ödəniş əməliyyatı aparılmır. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən xarici valyutada olan vəsait hesabına alınan mallar ölkəyə idxal olunduğundan məhkəmə iş üzrə icraata xitam verilməsini əsaslı hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-332/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-332/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver