Məhkəmə qərarları › İş №3(5-99)-343/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-343/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-343/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə "xxxx" MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində AR Mərkəzi Bankı tərəfindən xx.xx.2026-cı il tarixli EP0358118 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli EP0358118 nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən 21.000 (iyirmi bir min) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeydi-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 21.000 (iyirmi bir min) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında (ünvan 1ŞİDOĞLU-E” MMC tərəfindən AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş AR Mərkəzi Bankının nümayəndəsi məhkəmə məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(007)-5462/2025 saylı qərarına əsasən, "xxxx" MMC AR İXM-nin 430.4-cü maddəsinə əsasən təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 13.000 (on üç min) ABŞ dollarının 20%-i məbləğində yəni 2.600 (iki min altı yüz) ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(3-6)- 127/2026 saylı qərarına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(007)-5462/2025 saylı qərarı ləğv edilmiş, AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin eyni maddə ilə bağlı qərarları da iş materiallarına nümunə olaraq əlavə edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi və vəkili hazırki inzibati işin Bakı Apellysasiya məhkəməsinin baxaraq ləğv etdiyi işlə əlaqədar olduğunu, çıxarılan pulun digər hissənin də eyni gömrük bəyannaməsi ilə bağlandığını bildirərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2023-cü il tarixli, **********8448 nömrəli gömrük bəyannaməsindən müəyyən edilir ki, ixracatçı “YONGKANG ZONGBANG İMPORT AND EXPORT CO LTD tərəfindən cəmi 36.820,50 (otuz altı min səkkiz yüz iyirmi ABŞ dolları 50 sent) ABŞ dolları olan mallar idxalatçı "xxxx" MMC-ə göndərilmişdir. Həmin gömrük bəyannaməsinin 44-cü bəndinə aşağıdakı sənədlər təqdim edilmişdir: xx.xx.2023-cü il tarixli, 2015-18436 nömrəli, xx.xx.2023-cü il tarixli 3001-**********00123 nömrəli, xx.xx.2023-cü il tarixli 4041-2007/001 nömrəli, xx.xx.2023-cü il tarixli 7000-18C3569M4824/292965 nömrəli, xx.xx.2023-cü il tarixli 8001-P61 nömrəli sənədlər. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC-nin hesabından “YONGKANG ZONGBANG İMPORT AND EXPORT CO LTD-nin hesabına 21.000 (iyirmi bir min) ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(007)-5462/2025 saylı qərarına əsasən, "xxxx" MMC AR İXM-nin 430.4-cü maddəsinə əsasən təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 13.000 (on üç min) ABŞ dollarının 20%-i məbləğində yəni 2.600 (iki min altı yüz) ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(3-6)-127/2026 saylı qərarına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(007)- 5462/2025 saylı qərarı ləğv edilmiş, AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. - "xxxx" ASC tərəfindən "xxxx" MMC-ə ünvanlanan xx.xx.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, "xxxx" MMC nin "xxxx" ASC-dəki hesablarından “YONGKANG ZONGBANG İMPORT AND EXPORT CO LTD şirkətinin xeyrinə xx.xx.2023cü il tarixli P61 nömrəli invoys əsasında köçürmə əməliyyatı aparılmamışdır. - "xxxx" ASC tərəfindən "xxxx" MMC-ə ünvanlanan xx.xx.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, "xxxx" MMC nin "xxxx" ASC-dəki hesabı üzrə aparılan əvvəlcədən ödənişlərin bağlanması üçün təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, gömrük bəyannaməsində malın dəyərinin ödəniş şərti 100 (malın dəyəri əvvəlcədən ödənilmişdir) göstərildiyi təqdirdə bank tərəfindən ödəniş əməliyyatı aparılmır. - xx.xx.2026-cı il tarixli EP0358118 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, "xxxx" MMC tərəfindən 21.000 (iyirmi bir min) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeydi-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 21.000 (iyirmi bir min) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında (ünvan 1ŞİDOĞLU-E” MMC tərəfindən AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmaqıda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2020-ci il tarixli 06/1 saylı qərarı ilə “Azərbaycan Respublikası Mərkəzi X1 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. 4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir; Məhkəmə təqdim edilmiş inzibati materialı araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən hüquqi şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli, **********8448 nömrəli gömrük bəyannaməsindən, xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli "xxxx" ASC-nin arayışlarından müəyyən edilir ki, ölkədən çıxarılmış pulun qarşılığında müvafiq mallar ölkəyə idxal edilmişdir. Malların ölkəyə idxal olunması iş materialında olan xx.xx.2023-cü il tarixli, **********8448 nömrəli gömrük bəyannaməsi ilə təsdiq olunur. Avans ödənişi müqavilə və invoys əsasında köçürülmüş və mallar invoys əsasında gəlmişdir. Eyni zamanda bəyannamədəki 100 kodu da qeyd olunan faktı təsdiq edir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(3-6)- 127/2026 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixli, **********8448 nömrəli gömrük bəyannaməsi ilə ölkəyə idxal elmiş malın bir qismi xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş 13.000 (on üç min) ABŞ dolları məbləğdə vəsaitin müqabilində ölkəyə gətirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xətaların subyekti deyildir, inzibati xəta törədilməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMCnun hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli EP0358118 nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar