Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-383/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsi ilə Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il saat 16:20 radələrində polisin qanuni tələblərini pozaraq tabesizlik etmiş, nalayiq ifadələr işlətmiş və asayişi pozmuşdur. Bununla da o, İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis şöbəsinin sahə inspektoru, polis mayoru X5 tərəfindən xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis şöbəsinin sahə inspektoru, polis mayoru X5 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il saat 16:10 radələrində Şəxs, X10 və X11 polisin qanuni tələblərini pozaraq tabesizlik etdiklərinə görə Nizami RPİ, eyni zamanda post patrul xidmətinin əməkdaşları tərəfindən şöbəyə aparılmışdır. Tərtib olunmuş protokola əsasən Şəxs məhkəməyə gətirilmişdir. X5 bildirmişdir ki, o, hadisə yerində olmayıb, yol polis əməkdaşların dediklərinə görə Şəxs avtoxuliqanlıq etmiş və polislər tərəfindən saxlanılmışdır. Polislər şəxsin qanunsuz əməlinin olmasını sübut edə bilmədiklərindən, maşını və şəxsi buraxmışlar. Bundan sonra onların arasında mübahisə yaranmışdır. Məhkəmə iclasında zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilmir, “Moskoviski” prospektindən üzü “Mərdəkan şossesinə” tərəf öz avtomobili ilə sol zolaqda 70 km sürətlə hərəkət edən zaman, “CHEVROLET” markalı maşın arxadan “miqat” etmiş və Şəxs döngə göstəricisindən istifadə edərək zolaq dəyişdirmişdir. Bu zaman 675 nömrəli polis maşını saxlayaraq, avtoxuliqan hərəkətlər etməsini ona bildirmişdir. O, yerində cərimə yazılmasını desə də, polis əməkdaşları onu şöbəyə dəvət etmiş, orada hər şeyin aydınlaşacağını bildirmişlər. Daha sonra maşın cərimə meydançasına aparılmışdır. O, zəng edərək atasını çağırmışdır. Polis əməkdaşlarından Elgün adlı polis əməkdaşı atasına qarşı təhqiredici ifadələr işlətmişdir. Naryad vaxtı olduğundan səs-küy düşmüş və hər kəs oraya toplaşmışdır. O, polis əməkdaşlarının bütün göstərişlərinə riayət etdiyini, nalayiq ifadə işlətmədiyini və heç bir tabesizlik göstərmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ, YPX-nin polis kiçik serjantı X16 izahatında göstərmişdir ki, **-YP-*** nömrəli yol patrul maşını ilə Heydər Əliyev prospektində xidmətdə olan zaman “Hyundai Accent” markalı avtomobillin manevr qaydalarını pozduğunu görərək “saxla” işarəsi vermişlər. Nəqliyyat vasitəsinin sürücüsünün Şəxs olduğu müəyyənləşdirilmişdir. Avtomobilə baxış zamanı arxa sol işığının nasaz vəziyyətdə olduğu aydınlaşdırılmışdır. Daha sonra Şəxs polis şöbəsinə aparılmış, bundan sonra onun atası və digər qohumu gəlmişdir. Şəxs atası və digər qohumu polisin fəaliyyətinə mane törətdiklərinə görə dəfələrlə xəbərdar edilmiş, lakin onlar buna məhəl qoymayaraq, tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ, YPX-nin polis baş leytenantı X14 izahatında göstərmişdir ki, Şəxs Heydər Əliyev prospektində hərəkətdə olan zaman manevr qaydalarına əməl etmədiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobilə texniki baxış zamanı arxa sol işığının nasaz vəziyyətdə olduğu müəyyənləşmiş və avtomobil cərimə meydançasına aparılmışdır. Daha sonra valideyni və qohumu (yeznəsi) polis şöbəsinə gələrək səs-küy salmış, polisə müqavimət göstərmişlər. Onlar özlərini müharibə iştirakçısı kimi tanıtırmışlar. Orada əsas mühabisə aparan şəxs yeznəsi olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Şəxs nalayiq və təhqiredici ifadələr işlətməmiş, tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPX bölüyü, polis serjantı X7 izahatında göstərmişdir ki, növbətçi hissəyə məlumat verərək kömək məqsədi ilə polis idarəsinə daxil olmuşlar.Hadisəni aydınlaşdırmaq üçün yaxınlaşmış və orada vətəndaşların səs küyünü görmüşlər. 3 nəfər vətəndaş olduğunu, dəfələrlə sakitçilik yaratmaq üçün xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir məhəl qoyulmadığını bildirmişdir. Onlar polisə müqavimət göstərmişlər. PPX-nın orada fəaliyyəti 2 dəqiqədən artıq olmuş, həmin şəxslərə dəfələrlə sakit olmaları bildirilmişdir. Daha sonra onları məcbur qalaraq PPX avtomobilinə əyləşdirmiş və 25-ci Polis Şöbəsinə aparmışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:20 radələrində polisin qanuni tələblərini pozaraq tabesizlik etmiş, nalayiq ifadələr işlətmiş və asayişi pozmuşdur. - xx.xx.2026-cı il tarixli “Raport”dan müəyyən edilir ki, həmin tarixdə yol polis əməkdaşları **-YP-*** patrul avtomobili ilə Heydər Əliyev prospektində xidmətdə olan zaman **-DF-*** nömrəli “HYUNDAİ” markalı avtomobilin sürücüsünün davamlı olaraq manevr qaydalarını və işıq cihazının nasaz olduğu səbəbindən “saxla” işarəsi vermişdir. Avtomobildə olan nasazlıq yerində qaldırıla bilmədiyi üçün yoldan kənarlaşdırılaraq sürücünün Şəxs olduğu müəyyən edilmişdir. Sürücünün atası İsmayılov Qafur və onun yanında olan X2 DYPŞ-nə gedərək polisin iş rejimini pozaraq polisin və əməkdaşların ünvanına söyüş və təhqirlər etmişlər. Dəfələrlə xahiş edilsə də, polisin qanuni tələblərinə əməl etməyərək cəmiyyətə açıqca hömətsizlik etmişlər.həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi xahiş olunmuşdur. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 16:50-də inzibati qaydada tutulmuşdur. - xx.xx.2026-cı il tarixli 2/5256 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəprotokolundan müəyyən edilir ki, Şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. - “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” aktdan müəyyən edilir ki, Şəxs məxsus “HYUNDAİ” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixində dayanacaqda yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanıpozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,lakinfiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadəkməbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxsləriki yüz manat məbləğindəcərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadəkmüddətə inzibati həbs tətbiq olunur. Məhkəmə təqdim edilmiş inzibati materialı araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır. Belə ki, hazırkı iş üzrə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağı və xırda xuliqanlıq hərkətləri etməyi inzibati xəta kimi müəyyən etmişdir. Lakin iş materiallarından, tərəfin və şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbinə tabesizlik göstərmədiyi və xıda xuliqanlıq hərəkətlərinə yol vermədiyi halda, inzibati materialına hər hansı sübut əlavə etmədən, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, inzibati orqan tərəfindən məhkəməyə şahid qismində təqdim edilmiş üç nəfər polis əməkdaşından ikisi öz izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxs Şəxs onlara tabesizlik göstərmədiyini və nalayiq ifadələr işlətmədiyini bildirmişdir. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində göstərilən inzibati xətaların subyekti deyildir, inzibati xəta törədilməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 4 (dörd) iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla, 44 (qırx dörd) manat əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında inzibati qaydada tutmadan dərhal azad olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 (dörd) iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 44 (qırx dörd) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-383/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-383/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver